Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2002 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Cozef Ralstonu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq bildirmişdir ki, bu gün Azərbaycan NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində onunla uğurlu əməkdaşlıq edir. Bütün təzyiqlərə baxmayaraq, müstəqillik yolları ilə inamla addımlayır və Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya edir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən general C.Ralston bildirmişdir ki, o, Şimali Atlantika Alyansı tarixində Azərbaycana gələn ilk NATO komandanıdır və bundan böyük şərəf duyur. O, demişdir: "Sosializm düşərgəsi dağıldıqdan sonra NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı yaradıldı və Azərbaycan onunla əməkdaşlığa qoşulan ilk dövlətlərdən biri olmaqla, sülhməramlı missiya yerinə yetirməyə başladı. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taqımının Kosovoda Türkiyə taburunun tərkibində yüksək səviyyədə xidmət etməsi və ötən il Bakıda "Kooperativ Determineyşn 2001" təlimlərinin keçirilməsi göstərir ki, Azərbaycan əla tərəfdaşdır.
"Azadlığı dəstəkləmə aktı"na 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasında müəyyən rol oynadığımdan bu gün məmnunluq duyuram. Biz sentyabr hadisələrindən sonra ABŞ Konqresinin nümayəndələrindən tələb etdik ki, Azərbaycana münasibət dəyişilsin. Konqress belə də etdi. Bundan sonra hərbi əməkdaşlıq sahəsində yeni proqramların işlənilməsinə başlandı. Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da sıx surətdə inkişaf edəcəkdir".
General-polkovnik S.Əbiyev demişdir: 11 sentyabr hadisələrindən sonra Azərbaycan qlobal terrorizm əleyhinə mübarizəyə qoşulan ilk dövlətlərdən biri oldu. Biz NATO və ABŞ-la ikitərəfli hərbi əməkdaşlığı durmadan inkişaf etdirmək əzmindəyik. Silahlı Qüvvələrimizin bir bölməsinin Əfqanıstanda humanitar missiyanı yerinə yetirmək məsələsi həll edilməkdədir. 2004-cü ildə "Kooperativ Best Effort" səhra təlimlərinin keçirilməsinə razılıq vermişik".
General-polkovnik S.Əbiyev əlavə etmişdir ki, "Azadlığı dəstəkləmə aktı"na 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasında göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm. Bu aktın müvəqqəti ləğvindən sonra Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdur. Hər iki dövlətin Silahlı Qüvvələrinin nümayəndə heyətləri qarşılıqlı səfər mübadiləsinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Azərbaycan-ABŞ hərbi əməkdaşlığının güclənməsinə xüsusi əhəmiyyət verir.
Sonra tərəflər Azərbaycan-NATO və Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının gələcək perspektivləri haqqında fikir mübadiləsi etmişlər.