Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2002 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Cozef A.Stivensi qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri onu yeni təyinatı münasibətilə təbrik etmiş, Azərbaycan-Kanada hərbi əməkdaşlığının yaradılmasında və inkişaf etməsində ona uğurlar arzulamışdır.
Polkovnik C.A.Stivens özünü təqdim edərək bildirmişdir ki, o eyni zamanda Gürcüstan və Türkmənistanda Kanadanın hərbi attaşesi missiyasını yerinə yetirəcəkdir.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan müharibəsinin yaranma tarixi və nəticələri haqqında məlumat verərək demişdir: "Azərbaycanın işğal edilmiş torpaqları tamam qarət edilmiş və orada infrastruktur tam şəkildə pozulmuşdur. Ermənistan terrorizmi və separatizmi dəstəkləyən bir dövlətdir. Ermənistan indi də öz strateji müttəfiqindən ardıcıl surətdə silah və sursat alır, onların çox hissəsini Dağlıq Qarabağda və digər işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirir. Buna görə də işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmır, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrin tələblərini yerinə yetirmir. Təəssüf olsun ki, dünya ictimaiyyəti də Ermənistanı bir mənalı şəkildə işğalçı dövlət adlandırmır. Azərbaycan torpaqları azad edilməyincə, döyüşlərin yenidən başlanması təhlükəsi mövcud olacaqdır".
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək vurğulamışdır ki, Kanada şirkətləri Azərbaycanın neft layihələrində iştirak edirlər. O, demişdir: "Biz sizinlə hərbi sahədə də əməkdaşlıq etmək istəyirik. Arzu edirik ki, bu əməkdaşlıq daimi xarakter alsın".
Polkovnik C.A.Stivens cavab olaraq bildirmişdir ki, biz tezliklə Azərbaycanla ikitərəfli əməkdaşlığı təşkil edə biləcəyik. Bu Kanada dövlətinin siyasi rəhbərliyinin qərarıdır. O, Ermənistan-Azərbaycan müharibəsinin həlli məsələsinə toxunaraq demişdir ki, bu xalq faciəsidir və beynəlxalq təşkilatlar onun həllinə ciddi yanaşmalıdırlar.
Görüşün sonunda general-polkovnik S.Əbiyev polkovnik C.A.Stivensə Azərbaycan-Kanada hərbi əməkdaşlığının yaradılmasında bir daha müvəffəqiyyətlər arzulamışdır.