AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2003-cü il iyunun 3-də Gədəbəy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər yoldaşlarını qumbara partlayışı ilə yaralayaraq avtomat silahı ilə qaçmış əsgər Məlikov Ruslan Nazim oğlu iyunun 6-da saat 23:30 radələrində Daşkəsən rayonunun Astaf kəndi sahəsindəki meşə zolağında tutulmuşdur.
İyunun 4-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı ordu generalı Şener Eruyqurun Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi və qəbulu olmuşdur.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 2-dən 6-dək Praqa şəhərində (Çexiya Respublikası) NATO-nun Hava Hücumundan Müdafiə komitəsinin 14-cü seminarı, Plovdiv şəhərində (Bolqarıstan) "Kooperativ Key-03" təliminin əsas və yekun planlaşdırma konfransı, Ankara şəhərində (Türkiyə Respublikası) "İpək Yolu-2003" seminarı, Kankanpa şəhərində (Finlandiya) "Əməliyyat İmkanları Konsepsiyası Təhlil və Məlumat Proqramı" çərçivəsində ekspertlər üçün təlim kursu, iyunun 2-dən 13-dək Vaşinqton şəhərində (ABŞ)"Eloquent Nugget- 03" təlimi və iyunun 3-dən 5-dək Sodertelye şəhərində (İsveç Krallığı) "Vikinq-03" təliminin əsas planlaşdırma konfransı keçirilir.
İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Maşın-Kimya Sənayesi Qurumunun baş direktoru və idarə heyətinin sədri cənab Mehmet Başpinarı qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Çəmənli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 15-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Linas Linkyaviçus Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlmişdir.
Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikası Xarici İşlər Nazirliyi Kontinental Avropa İdarəsinin rəisi cənab Üq Perneni qəbul etmişdir.
Mayın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi Avrasiya bölgəsi üzrə qrupunun əməkdaşı xanım Keti Consonun rəhbərliyi ilə nazirliyin Təhlükənin Yayılmaması və Azaldılması İdarəsinin nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Mayın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Federal Silahlı Qüvvələri Qərargahının hərbi siyasət və silahlara nəzarət İdarəsi rəisinin müavini briqada generalı Yürqen Bornemannın rəhbərliyi ilə Almaniya Federativ Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.