Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikası Xarici İşlər Nazirliyi Kontinental Avropa İdarəsinin rəisi cənab Üq Perneni qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq bildirmişdir ki, biz Fransa dövlətinin nümayəndələri ilə hər görüşümüzə böyük əhəmiyyət veririk. Çünki Fransa Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllində əlindən gələn köməyi əsirgəmir.
Müdafiə nazirinə səmimi qəbul üçün təşəkkür edən cənab Üq Perne qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin və Fransa Respublikasının Prezidenti cənab Jak Şirakın bir-birinə olan yüksək münasibəti iki dövlət arasında olan siyasətin əsasını təşkil edir. O, demişdir: “Düzgün və çevik siyasət yeritdiyindən bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir”.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barədə qonağa məlumat vermişdir.
Tərəflər Azərbaycan-Fransa hərbi əməkdaşlığını gerçəkləşdirmək üçün danışıqlara başlanmasının və bunun üçün çərçivə sənədinin imzalanmasının zəruri olduğunu qeyd etmişlər.
Görüşdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin birinci müşaviri cənab Tibo Furyer iştirak etmişdir.