Mayın 15-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Linas Linkyaviçus Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlmişdir.
Cənab L.Linkyaviçusun rəhbərlik etdiyi nümayəndə heyəti səfərinə Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklil qoymaqla başlamışdır.
Həmin gün Müdafiə Nazirliyində Litva Respublikasının Milli Müdafiə naziri cənab L.Linkyaviçusun təntənəli qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfınə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Litva Respublikasının Milli Müdafiə nazirinə raport vermişdir. Azərbaycan Respublikasının və Litva Respublikasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev Litva Respublikasının Milli Müdafiə naziri cənab L.Linkyaviçusu qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Litva çoxdan hərtərəfli fəal əməkdaşlıq edirlər.
Mənim 2002-ci ilin avqust ayında Litva Respublikasına rəsmi səfərim zamanı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Saziş” imzalandıqdan sonra hərbi sahədə də əməkdaşlığımız səmimi şəkil almışdır.
Əməkdaşlığımız nümayəndə heyətləri səviyyəsində ardıcıl davam etdirilir. Güman edirəm ki, Sizin bu səfərinizdən sonra Azərbaycan-Litva hərbi əməkdaşlığı daha geniş vüsət alacaqdır.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri, Kosovo və Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taqımlarının fəaliyyəti, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində onunla fəal əməkdaşlıq, Azərbaycanın beyənlxalq terrorizmlə mübarizədə fəal iştirakçı və İraqa göndəriləcək sülhməramlı bölüyü haqqında nümayəndə heyətinə ətraflı məlumat vermişdir.
O, demişdir: “Azərbaycanın əsas marağı dünya və Avropa dövlətlərinin təhlükəsizlik strukturlarına inteqrasiya etməkdir”.
Cənab L.Linkyaviçus səmimi qəbul üçün Azərbaycan Respublikasının Müdafiə Nazirinə təşəkkür edərək bildirmişdir ki, biz yaxınlarda NATO-ya və Avropa ittifaqına üzv olacağınızdan çox məmnunuq. Biz NATO üzvlüyünə hazırlaşarkən topladığımız təcrübəni sizinlə bölüşməyə hazırıq. O, demişdir: “Biz sizin zabitlərinizi hərbi akademiyamızda təhsil almağa dəvət edirik. Sizinlə hərbi-siyasi məsləhətləşmələr, Silahlı Qüvvəlarin NATO standartlarına uyğun hüquqi bazasının yaradılması, regional əməkdaşlıq, ikitərəfli əməkdaşlıq və digər məsələlərdə əməkdaşlıq etməyə hazırıq”.
General-polkovnik S.Əbiyev onun təklifləri ilə razı olduğunu bildirərək demişdir: “Bizim NATO ilə sıx əməkdaşlığımızın əsas məqsədi bu bloka üzv olmaqdır”.
Sonra o Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibənin səbəbləri, nəticələri və digər məsələlər barədə qonağa ətraflı məlumat vermişdir.
Müdafiə nazirləri iki dövlət arasında hərbi əməkdaşlığın daha da sıxlaşması barədə razılığa gəlmişlər.
Görüşün sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Müdafiə nazirləri danışıqların yekunları haqqında kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat vermiş və onların suallarını cavablandırmışlar.