Mayın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Federal Silahlı Qüvvələri Qərargahının hərbi siyasət və silahlara nəzarət İdarəsi rəisinin müavini briqada generalı Yürqen Bornemannın rəhbərliyi ilə Almaniya Federativ Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq Azərbaycan-Almaniya hərbi əməkdaşlığının sıxlaşması və konkretləşməsindən şad olduğunu bildirmişdir.
Sonra o, Azərbaycanın müstəqil dövlət və ordu quruculuğu, dünya və Avropa dövlətlərinə inteqrasiya, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq və digər sahələrdə əldə etdiyi uğurlar barədə onlara məlumat vermişdir.
Briqada generalı Y.Bornemann qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək Almaniya Federativ Respublikası Müdafiə nazirinin salamlarını ona çatdırmışdır. Sonra o, səfərin məqsədini açıqlayaraq bildirmişdir ki, niyyətimiz sizinlə hərbi-siyasi danışıqlar aparıb bir konkret nəticəyə gəlməkdir. O, qeyd etmişdir ki, əməkdaşlığımız üçün baza mövcuddur.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, Azərbaycan Avropa dövlətləri, o cümlədən Almaniya ilə sıx əməkdaşlıq yaratmaq istəyir. O, demişdir: “Bu bizim baş xəttimizdir. Biz hərbi qanunvericilik, kadr hazırlığı, alman dilinin öyrənilməsi, müdafiə sənayesi, humanitar, sülhyaratma əməliyyatları və digər sahələrdə əməkdaşlıq təklif edirik”.
Briqada generalı Y.Bornemann bildirmişdir ki, təklif etdiyiniz əməkdaşlıq sahələri bizim üçün də maraqlıdır. O, demişdir: “Sabitliyin bir elementi də əməkdaşlıqdır. Biz arzu edirik ki, Cənubi Qafqaz regionu üzrə bir əməkdaşlıq strukturu yaradılsın. Almaniya tərəfi hərbi-siyasi dialoq, təhsil və ekspertlər səviyyəsində mübadilə sahəsində əməkdaşlıq təklif edir”.
Tərəflər Azərbaycan-Almaniya hərbi əməkdaşlığı haqqında sənədin imzalanmasını zəruri hesab etmişlər.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionu üzrə bir əməkdaşlıq strukturunun yaranmasına münasibət bildirərək demişdir: “Avropa qitəsində olan 4 milyon qaçqının 1 milyon nəfəri Azərbaycandadır. Buna bais təcavüzkar və işğalçı Ermənistan dövlətidir.
O Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdir. Bu günə kimi Avropa dövlətləri Ermənistanın işğalçı olması barədə öz qəti sözünü deməmişdir. Biz regional əməkdaşlıq deyəndə Ermənistanla əməkdaşlığı nəzərdə tutmuruq. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistanla əməkdaşlıq haqqında söhbət ola bilməz. Hər bir normal dövlət belə etməli idi.
Beynəlxalq hüquq normaları bütün dövlətlərə aiddir. Beynalxalq ictimaiyyət işğalçı Ermənistan dövlətinə öz sözünü deməlidir”.
Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Klaus Qrevlix iştirak etmişdir.