İyunun 4-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı ordu generalı Şener Eruyqurun Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi və qəbulu olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ordu generalı Ş.Eruyquru və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə hərtərəfli əməkdaşlığa, o cümlədən hərbi əməkdaşlığa başlamışdır. Bu gün Türkiyə Respublikası Azərbaycan Silahlı Qüvvələrinə ən çox yardım edən dövlətdir. Buna görə biz Türk xalqına və onun dövlət rəhbərliyinə minnətdarıq. O, demişdir: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsilə Azərbaycan və Türkiyə bir-birinə daha möhkəm bağlanacaqdır".
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən ordu generalı Ş.Eruyqur demişdir ki, Azərbaycan üçün Türkiyə nə qədər önəmlidirsə, Türkiyə üçün də Azərbaycan o qədər önəmlidir. Çünki bizim soykökümüz, dilimiz, dinimiz və tariximiz birdir. O, demişdir: "Gələcək illərdə iki qardaş dövlət daha dərin köklərlə bir-birinə bağlanacaqdır".
Sonra tərəflər Azərbaycan-Türkiyə tarixinin birliyi və Azərbaycan-Türkiyə əlaqələrinin geniş perspektivləri barəsində fikir mübadiləsi etmişlər.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ümit Kalender iştirak etmişdir.