AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 7-də saat 20:30-dan 23:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qapanlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan arasıra atəşə tutmuşlar.
Martın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi, ABŞ Hərbi Hava Qüvvələri Kollecinin bir qrup professor-müəllim heyətini və dinləyicilərini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 7-dən 11-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” üzrə kurs, martın 7-dən 18-dək Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri üzrə II təlim” və İzmir şəhərində (Türkiyə Respublikası) “Hava Hərəkətinə nəzarət üzrə terminologiya” kursu keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Bərdə və Ağdam rayonları arasında yerləşən yolun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 3-də saat 11:45-dən 11:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 0.5 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı xanım Meri Verntzi qəbul etmişdir.
Həmin gün general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanı onun xahişi ilə qəbul etmişdir.
Fevralın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belçika Krallığının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mark Van Risselberqi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 21-dən 25-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Terrorizmə qarşı mübarizə” kursu, Ankara şəhərində (Türkiyə Respublikası) “Sərhəd təhlükəsizliyinə nəzarət” üzrə kurs, fevralın 21-dən martın 11-dək Oslo şəhərində (Norveç Krallığı) “Sülhməramlı əməliyyatlarda maddi texniki təminat” kursu və fevralın 22-dən 24-dək Neapol şəhərində (İtaliya) “Kooperativ Ki-05” təliminin İlkin Planlaşdırma Konfransı keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 14-dən 18-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “Böhranların idarə olunması” kursu keçirilir.