Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harnişi, ABŞ Hərbi Hava Qüvvələri Kollecinin bir qrup professor-müəllim heyətini və dinləyicilərini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, belə görüşlər bizi daha da yaxınlaşdırır və bir-birimizi yaxından tanımaq üçün şərait yaradır.
Sonra o, Azərbaycanın müstəqillik tarixindən qonaqlara söhbət açaraq demişdir: “Azərbaycan müstəqilliyinin ilk vaxtlarından Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya yolunu seçmişdir. Bu gün Azərbaycan ABŞ-ı öz strateji müttəfiqi hesab edir və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sıx əməkdaşlıq yolundadır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tərəfdaşlığın Fərdi Fəaliyyət Planını NATO-nun Baş katibinə təqdim etmişdir. Hazırda biz bu plan üzərində işləyirik və onun bütün müddəalarını yerinə yetirmək əzmindəyik. Məqsədimiz NATO-ya maksimum yaxınlaşmaqdır.
Azərbaycan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “1994-cü ildən tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, münaqişənin həllində irəliləyiş yoxdur. Azərbaycan tərəfi münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupundan çox şey gözləyir. Bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi qətnamədə Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağdakı qüvvələri isə separatçı adlandırmasına baxmayaraq, Ermənistan yenə də BMT-nin onun işğal etdiyi Azərbaycan torpaqlarını qeyd şərtsiz tərk etməsi haqqında qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmir.
Biz bir daha bəyan edirik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal edilməsi faktı ilə barışmayacaqdır”.
Səfir R.Harniş səmimi qəbula və ətraflı məlumata görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, ABŞ dövləti Azərbaycanla əməkdaşlıq münasibətlərinə böyük önəm verir və Azərbaycanı özünün strateji müttəfiqi hesab edir.
Sonra general-polkovnik S.Əbiyev kollecin professor-müəllim heyətinin və dinləyicilərinin çoxsaylı suallarını cavablandırmışdır. O, “Azərbaycanın milli təhlükəsizliyinə ən böyük təhlükə nədir?” - sualına cavab verərkən söyləmişdir ki, işğalçı Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarının bu vaxta qədər azad edilməməsi Azərbaycanın müstəqilliyinə ən böyük təhlükədir.
General-polkovnik S.Əbiyev sualları cavablandırarkən Azərbaycan-ABŞ, Azərbaycan-NATO münasibətləri, Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin mühafizəsi, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə aid olan bir çox məsələləri şərh etmişdir.