Fevralın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belçika Krallığının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mark Van Risselberqi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev səfir M.Van Risselberqi salamlayaraq bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri antiterror koalisiyası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Belçika Krallığı Silahlı Qüvvələrinin nümayəndələri ilə tez-tez görüşür və yaxından əməkdaşlıq edirlər. Biz NATO və Belçika Silahlı Qüvvələri ilə əlaqələrimizi dərinləşdirmək niyyətindəyik.
Səfir M.Van Risselberq səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək, Azərbaycana gəlişindən şad olduğunu bildirmiş və Azərbaycanın antiterror koalisiyasında fəal iştirakına görə dövlət rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, Azərbaycan torpaqlarının 20 faizinin işğalçı Ermənistan tərəfindən zəbt edildiyini təəssüf hissi ilə xatırlayaraq demişdir: “Belə bir ifadə vardır: sülhə nail olmaq üçün müharibəyə hazır olmaq lazımdır. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycan Silahlı Qüvvələri inkişaf edərək güclənmişdir. Lakin arzu edirəm ki, münaqişənin həllində Silahlı Qüvvələrin gücündən istifadə edilməsin”.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi haqqında onunla ətraflı fikir mübadiləsi edərək söyləmişdir ki, bir neçə gündən sonra Azərbaycanlıların Dağlıq Qarabağda geniosid gününün - Xocalı faciəsinin ildönümü olacaqdır. O, demişdir: “Bir gecə içində Azərbaycanın Xocalı şəhəri öz əhalisi ilə birlikdə məhv edilib yandırılmışdır”.
General-polkovnik S.Əbiyev münaqişənin dinc yolla həlli uğrunda Azərbaycanın dövlət rəhbərliyinin gərgin mübarizə apardığını, lakin dünya ictimaiyyətinin Ermənistanı indiyədək işğalçı dövlət adlandırmamasından Azərbaycan xalqının narahat olduğunu bildirmişdir. O, demişdir: “Düzdür, bu günlərdə Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi qətnamədə Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağdakı qüvvələri isə separatçı adlandırmışdır. Lakin bütün beynəlxalq təşkilatlar bunu etməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını planlı şəkildə məskunlaşdırır. Bu, məsuliyyətsizlikdir. Biz bir də bəyan edirik ki, Azərbaycan bir metr torpağını da Ermənistana verməyəcəkdir. Nə qədər ki, bu münaqişə öz həllini tapmayıb, döyüş əməliyyatlarının başlaması ehtimalı böyükdür. Əgər bu baş verəcəksə, məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcəkdir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev səfir M.Van Risselberqə bir daha öz missiyasını uğurla yerinə yetirməyi arzulamışdır.