AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 25-də Goranboy rayonunun Borsunlu kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Anatoliy Yurçenko və hərbi attaşesi birinci dərəcəli kapitan Yuriy Yuzkonu qəbul etmişdir.
Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çex Respublikası parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri cənab Yan Vidimin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Harri Uaytı qəbul etmişdir.
Martın 16-da saat 21:00-dan 21:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Dovex kəndinin 3,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi istiqamətində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Martın 15-dən 16-na keçən gecə saat 20:30-dan 01:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1 km şimalında və 2,5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 14-dən 21-dək Qranada şəhərində (İspaniya Krallığı) “Combined Endeavour-05” təliminin yekun planlaşdırma konfransı, martın 14-dən 24-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı” mövzusunda birgə seminar və martın 14-dən 25-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhməramlı əməliyyatlarda hərbi müşahidəçi” kursu keçirilir.
Martın 14-də saat 23:50-dən 00:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin 1.5 km şərqində və Qazax rayonunun işğal olunmuş Xeyrimli kəndinin 2 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini və Məzəmli kəndini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Martın 13-də saat 20:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı kəndinin 1 km şimalında yerləşən mövqelərindən Azərbycan Silahlı Qüvvələrinin həmin rayonun Sarıcallı kəndi sahəsində yerləşən mövqelərini, martın 14-də saat 01:30-dan 0l:45-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Evoğlu kəndi istiqamətindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.