Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Rumıniyanın Milli Müdafiə naziri cənab Teodor Atanasiu martın 13-də Bakıya rəsmi səfərə gəlmişdir.
Cənab T.Atanasiu rəsmi səfərinə martın 14-də Fəxri Xiyabanda ümummilli lider H.Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində Rumıniyanın Milli Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Azərbaycan Respublikasının və Rumıniyanın dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev cənab T.Atanasiunu qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin oktyabr ayında Rumıniyaya rəsmi səfəri Azərbaycan-Rumıniya əlaqələrinin daha da dərinləşməsinə təkan vermişdir.
Biz Rumıniya ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edən əməkdaşlığa böyük əhəmiyyət veririk.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu bizim qəti mövqeyimizdir.  
O demişdir: “Əgər danışıqlar yolu bir nəticə verməsə Azərbaycan digər imkanlarından istifadə edəcəkdir”.  
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən Rumıniyanın Milli Müdafiə naziri T.Atanasiu bildirmişdir ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir. O, qeyd etmişdir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi regionlarında sülhün və sabitliyinin təmin olunması Rumıniya üçün əsas məsələlərdən biridir.
O, demişdir: “Rumıniya regionda olan münaqişələrin həllinə beynəlxalq diqqətin artırılması və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli edilməsi istiqamətində səylərini artırır”.
Sonra tərəflər Cənubi Qafqaz və Qara dəniz regionunda mövcud olan hərbi-vəziyyət, işğal olunmuş Azərbaycan torpaqlarında külli miqdarda silah-sursatın toplanması, beynəlxalq terrorizmlə mübarizə, Avro-Atlantika təhlükəsizlik strukturlarına inteqrasiya və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Müdafıə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında mübadilə edilən məxfi hərbi məlumatın mühafizəsi haqqında Saziş” və “15 fevral 2000-ci il tarixdə Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Müdafıə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında hərbi təhsil sahəsində əməkdaşlıq haqqında Protokola düzəlişlər edilməsi barədə Əlavə Protokol” imzalanmışdır.
Sənədləri Azərbaycan Respublikası tərəfdən general-polkovnik S.Əbiyev, Rumıniya tərəfdən isə cənab T.Atanasiu imzalamışlar.
İmzalanma mərasimindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.