AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 14-dən 16-dək Neapol şəhərində (İtaliya Respublikası) NATO-nun Cənubi Avropadakı Silahlı Qüvvələrinin Birləşmiş Baş Komandanlığında “Kooperativ Key-98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı aprelin 13-də Bakıya rəsmi səfərə gələcəkdir.
Aprelin 9-da saat 13:15-dən 14:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu sahəsindəki Orcenikidze yaşayış məntəqəsindən 2 km şimal-şərqdə yerləşən Qaraşəmiri və Başkənd aşırımındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Mutudərə kəndi sahəsindəki mövqelərini zenit qurğularından, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Aprelin 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ley İn Çeni və səfirliyin yenicə təyin edilmiş hərbi attaşesi baş polkovnik Şi Çjenbayı qəbul etmişdir.
Aprelin 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ-ın respublikaçı-senatoru Con Vornesi və ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri Baş Komandanı admiral Cozef Lopezi qəbul etmişdir.
Azərbaycan Respublikasının prezidenti H.Əliyevin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” 1998-ci il 13 mart tarixli sərəncamının 2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev “Cəmşid Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi üzrə Təşkilat Komissiyasının yaradılması haqqında” əmr imzalamışdır.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 20-də Brüssel şəhərində (Belçika Krallığı) NATO Komitəsinin boru kəmərlərinin mühafizəsi üzrə görüşü keçiriləcəkdir.
Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü ilin Vyana sənədinə müvafiq olaraq martın 16-dan 20-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və martın 17-dən 20-dək Estoniya Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəklər.
Martın 15-də saat 15:15-dən 19:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl-Hacılı kəndi sahəsindəki bölmələrini atıcı silahlardan, iriçaplı pulemyotlardan və tank əleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasında hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərafdaşlıq” proqramı çərçivəsində martın 16-dan aprelin 3-dək AFR-in Oberomerqau şəhərində sülhməramlı əməliyyatlar üzrə qərargah zabitlərinin kursları keçirilir.