İyunun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alessandro Fallavollitani, Türkiyə və Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Karlo Ferratonu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, belə görüşlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşmasına və qarşılıqlı münasibətlərinin dərinləşməsinə xidmət edir.
Səmimi qəbul üçün nazirə minnətdarlığını bildirən səfir A.Fallavollita qeyd etmişdir ki, Sizinlə sayca üçüncü görüşümüzdür və bu müddət ərzində Azərbaycan-İtaliya siyasi və iqtisadi münasibətləri xeyli inkişaf etmişdir. O, arzu etmişdir ki, iki ölkə arasında bu gün müzakirə mərhələsində olan təhlükəsizlik məsələləri sahəsində dialoq baş tutsun. Avropa, ilk növbədə NATO strukturlarına inteqrasiya məsələsinə toxunan səfir, İtaliyanın Azərbaycana NATO-ya üzv olana və Dağlıq Qarabağ probleminin sülh yolu ilə tam həllinə qədər yardım edəcəyini vurğulamış və sözü hərbi attaşe I dərəcəli kapitan K.Ferratoya vermişdir.
Hərbi attaşe əvvəlki görüşlərdə müzakirə edilən məsələlərin Kosovo böhranı ilə əlaqədar öz həllini tapmadığını, iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etmişdir. O, Azərbaycanın sülhməramlı taqımının Kosovoya göndərməyə hazır olmasını təqdir etmiş və bu addımı ilə “Azərbaycanın NATO-ya münasibətinin tam aydın olduğunu”- bildirmişdir. Hərbi attaşe iki dövlətin Müdafiə Nazirliklərinin Beynəlxalq Hərbi Əlaqələr İdarəsi səviyyəsində görüşünün və hərbi əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsinin zəruriliyini qeyd etmişdir.
General-polkovnik S.Əbiyev İtaliya Respublikası rəhbərliyinin Azərbaycana xeyirxah münasibət bəslədiyinə görə səfirə öz razılığını bildirmiş, Azərbaycanın Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya etmək istədiyini xüsusi açıqlamış, Azərbaycanın ordu quruculuğunda artıq NATO standartlarından istifadə etdiyini bildirmişdir.
Sonra Müdafiə naziri demişdir: “Diqqətinizə çatdırıram ki, iyunun 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdərə-Tərtər istiqamətindən 3 dəfə hücuma keçməyə cəhd göstərmiş və layiqli cavab alaraq əvvəlki mövqelərinə çəkilmişlər. Bu, bir daha göstərir ki, Ermənistan Respublikasının daxilində vəziyyət mürəkkəbdir... İstərdik ki, NATO Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tezliklə qarışsın...”
Müdafiə naziri Azərbaycan-İtaliya hərbi əməkdaşlığının inkişaf etməsinə tərəfdar olduğunu bildirmiş, İtaliya hərbi məktəblərində Azərbaycan zabitlərinin təhsil almasını təklif etmişdir.
Sonra nazir qonaqların Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə dair suallarına cavab vermişdir.
Görüşün sonunda tərəflər hərbi əməkdaşlığa dair hər hansı bir sahədə gələcəkdə memorandumun imzalanmasının mümkünlüyü barədə yekdil fikrə gəlmişlər.