Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat İdarəsinin qərargah rəisi xanım Barbara Dakuorsu, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və onları müşayiət şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra söz alan səfir S.Eskudero bu görüşün hər iki tərəf üçün çox faydalı olduğunu qeyd edərək, Müdafiə nazirinə təqdim etdiyi xanım B.Dakuorsa söz vermişdir.
Xanım B.Dakuors Azərbaycana ilk dəfə gəldiyini və bu səfərin prezident H.Əliyevin işə çıxdıqdan dərhal sonra baş tutduğuna görə sevindiyini qeyd edərək, Müdafiə nazirindən Cənubi Qafqaz regionunda və Azərbaycanda mövcud olan hərbi-siyasi vəziyyət barədə məlumat verməsini xahiş etmişdir.
General-polkovnik S.Əbiyev bu görüşün Azərbaycan-ABŞ əməkdaşlığının dərinləşdiyinə dəlalət etdiyini vurğulamış, SSRİ dağıldıqdan sonra bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın da yenidən müstəqillik əldə etdiyini bildirərək demişdir: “SSRİ və sosialist sistemi dağıldı, lakin Rusiya Federasiyasının imperiya ambisiyaları qaldı”.
Sonra o, postsovet məkanında milli-etnik zəmində mövcud olan münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və nəticələri barədə geniş söhbət açmışdır. Müdafiə naziri qeyd etmişdir ki, etnik təmizlənmə siyasəti aparan Ermənistan, Rusiyanın havadarlığı ilə 1988-ci ildən başlayaraq öz ərazisindən və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən 350 min azərbaycanlını qovmuşdur. Bu işdə marağı olan qonşu dövlətlərin xüsusi xidmət orqanlarının respublika daxilində yaratdığı xaosdan istifadə edərək, işğalçılıq siyasətini davam etdirən Ermənistan, Azərbaycan ərazisinin 20 faizini zəbt etmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Rusiya Federasiyasının hərbiçiləri də iştirak etmişlər. Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildikdən sonra Rusiya Azərbaycana təzyiq vasitəsi kimi Ermənistana 1 milyard ABŞ dolları həcmində qeyri-qanuni silah və sursat, nüvə silahlı daşıya bilən “Luna-M” taktiki, R-17 (“Skad”) operativ-taktiki raketləri, ötən ilin sonlarından isə “Miq-29” təyyarələri və “S-300” zenit-raket kompleksləri vermişdir. Bu yaxınlarda isə Ermənistan Rusiya Federasiyasının vasitəçiliyi ilə Çindən “Tayfun” yaylım atəşi sistemləri almışdır. Bu silahların çox hissəsi Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş ərazilərində yerləşdirilmişdir.
Sonra Müdafiə naziri demişdir: “Bütün bunlarda məqsəd ABŞ və NATO-nu Qafqaz regionuna buraxmamaqdır. Buna baxmayaraq, müstəqil siyasət yeridən Azərbaycan Respublikası NATO-ya üzv olana qədər onunla əməkdaşlığını davam etdirəcəyini qətiyyətlə elan etmişdir”.
Daha sonra general-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin yaranması, strukturu və ordu quruculuğu prosesində NATO standartlarından istifadə edilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Onların çoxsaylı suallarını cavablandıran Müdafiə naziri NATO-GUÖAM münasibətlərinə toxunmuş, Azərbaycan Silahlı Qüvvələri sülhməramlı manqasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Kanadada keçiriləcək tədbirlərdə və sülhməramlı taqımın Kosovadakı əməliyyatlarda iştirak etməyə hazır olduğunu bildirmişdir.
Səfir E.Eskuderonun “Münaqişədə olan tərəflər arasında regional əməkdaşlığı inkişaf etdirmək lazımdır”,-fikrinə münasibət bildirən Müdafiə naziri demişdir: “Hamı bilməlidir ki, Ermənistan təcavüzkar dövlətdir. O, ilk növbədə işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir”.
Geniş informasiya üçün Müdafiə nazirinə təşəkkür edən xanım B.Dakuors bu görüşün Azərbaycan-ABŞ əməkdaşlığının möhkəmlənməsi istiqamətində yeni bir addım olduğunu xüsusi vurğulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi mayor Mitçell Biondiç iştirak etmişdir.