AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Strategiya İdarəsinin rəisi general-leytenat Nüsrət Taşdələrin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
1999-cu ilin Vyana sənədinə uyğun olaraq martın 12-dən 15-dək ABŞ Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcək.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 6-da Azərbaycan Respublikası Qazax rayonunun Balacəfərli və Ermənistan Respublikası Tavuş rayonunun Kayan yaşayış məntəqələri sahəsindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqaviləyə və 1999-cu ilin Vyana sənədinə uyğun olaraq martın 2-dən 3-dək Belçika Krallığı Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcək.
Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırma və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor Şərafəddin Telyazanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fevralın 19-dan 23-dək Brunsum şəhərində (Hollandiya) NATO üzvü və tərəfdaş dövlətlərin əməliyyatların planlaşdırılması üzrə seminarı, fevralın 22-də isə Brüssel şəhərində (Belçika Krallığı) fövqəladə vəziyyətlər üzrə komitə ekspertlərinin görüşü keçiriləcək.
Fevralın 14-də saat 01:15-dən 01:20-dək Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ağdam rayonunun işğal olunmuş Acarlı kəndi istiqamətindən cəbhə xəttini keçməyə cəhd edərək, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Yusifcanlı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Fevralın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Yüksəl Əhmədi qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Brüssel şəhərində (Belçika Krallığı) fevralın 13-ü və 14-də hərbi sursatların və partlayıcı maddələrin daşınması və saxlanmasının təhlükəsizliyi məsələləri üzrə ekspertlərin görüşü, fevralın 14-dən 16-dək isə NATO-nun Verifikasiya-Koordinasiya Komitəsinin silahlara nəzarət üzrə görüşü keçiriləcək.