Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Ukraynanın Müdafiə naziri ordu generalı Vladimir Şkidçenko yanvarın 29-da Bakıya rəsmi səfərə gəlmişdir.
Yanvarın 30-da Ukrayna Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etmiş və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olmuş vətəndaşlarımızın xatirə abidəsi önünə əklil qoymuşdur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyində Ukraynanın Müdafiə naziri ordu generalı V.Şkidçenkonun təntənəli qarşılanma mərasimi keçirilmişdir. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi ordu generalı V.Şkidçenkoya raport vermişdir. Azərbaycan Respublikasının və Ukraynanın dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev Ukraynanın Müdafiə nazirini qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüş keçirmişlər.
Tərəflər regional təhlükəsizlik, terrorizmlə mübarizə, hər iki ölkədə Silahlı Qüvvələrin quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı GUÖAM çərçivəsində daha maraq doğuran digər məsələləri müzakirə etmişlər.
Görüşün sonunda 2003-cü il üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanmışdır. Sənədi Azərbaycan Respublikası tərəfdən Müdafiə naziri general-polkovnik S.Əbiyev, Ukrayna tərəfdən isə Müdafiə naziri ordu generalı V.Şkidçenko imzalamışlar.
Görüşün sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Nazirlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.
Günün ikinci yarısında Ukraynanın Müdafiə naziri ordu generalı V.Şkidçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev və Baş nazir Artur Rasizadə tərəfindən qəbul edilmişdir.
Qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Təlim-Tədris Mərkəzinə və Azərbaycan Ali Hərbi Məktəbinə getmiş, Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanış olmuşlar.
Ukraynanın Müdafiə naziri ordu generalı V.Şkidçenkonun Bakıya rəsmi səfəri yanvarın 30-da başa çatmışdır.