Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Təhlükəsizlik Akademiyasının rəisi diviziya generalı Kenan Dənizi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Türkiyə əlaqələrinin tarixi çox qədimdir. Bu iki xalq tarixən və ruhən həmişə bir olmuşdur. Biz bu gün bu birliyi daha da inkişaf etdirib, ən yüksək zirvəyə qaldırmalıyıq. Tarix yollarında biz çox şey itirmişik. Bu gün isə bizim heç bir şeyi itirmək haqqımız yoxdur, əksinə itirdiklərimizi geri qaytarmalıyıq. O, demişdir: “Respublikamızın Prezidenti cənab Heydər Əliyevin dediyi kimi, bir millət və iki dövlət olan Azərbaycan və Türkiyə bundan sonra gələcəyə birlikdə addımlamalıdırlar”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq qeyd etmişdir ki, bölgədə vəziyyət o qədər də sadə deyil. Ermənistan-Azərbaycan münaqişəsi bu günə qədər həll edilməmiş qalır. Bu vəziyyətdən bəzi dövlətlər Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Ona görə də bu gün Azərbaycanla Türkiyənin birlikdə fəaliyyət göstərməsi ən ümdə məsələdir.  
Diviziya generalı K.Dəniz səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edərək bildirmişdir: “Biz Azərbaycanda çox böyük müsbət dəyişikliklər gördük. Sanki öz ölkəmizə gəlmişik. Azərbaycan və Türkiyə şəhidlərinin bir şəhidlik məzarlığında yan-yana uyuması qəlbimizi qürur hissi ilə doldurdu. Bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə azadlıq və müstəqillik uğrunda mübarizədə həmişə bir olmuşlar”.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunan qonaq qeyd etmişdir ki, lazım gələrsə biz Azərbaycanla çiyin-çiyinə ermənilərlə savaşmağa hazırıq.
Sonra tərəflər qeyd etmişlər ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində əlaqələrinin günbəgün artması hər iki dövlətin gələcəyinin daha aydın və parlaq olmasından xəbər verir.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab verərək demişdir: “Bu gün bizim ən yaxın vəzifəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini tezliklə başa çatdırmaq, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlamaqdır. Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı durmadan genişləndirməkdir. Azərbaycan-Türkiyə əməkdaşlığı bütün türk dünyasına nümunə olmalıdır”.
Buna cavab olaraq diviziya generalı K.Dəniz bildirmişdir ki, biz bir-birimizi həmişə olduğu kimi, bundan sonra da dəstəkləməliyik. Çünki bizim tariximiz bir, dilimiz bir, dinimiz bir və gələcəyimiz birdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ümit Kalender iştirak etmişdir.