Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanov fevralın 26-da Bakıya rəsmi səfərə gəlmişdir. Binə hava limanında onu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və digər rəsmi şəxslər qarşılamışlar.
Rusiya Federasiyasının Müdafiə naziri S.İvanovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərinə fevralın 27-də Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklil qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində Rusiya Federasiyasının Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Rusiya Federasiyasının Müdafiə nazirinə raport vermişdir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Müdafiə nazirini qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Rusiya tarixən eyni geosiyasi məkanda yerləşmiş və bu günkü görüş Azərbaycan-Rusiya hərbi münasibətləri tarixində yeni səhifənin başlanğıcıdır. O, demişdir: “Azərbaycan Rusiya ilə o əməkdaşlığın tərəfdarıdır ki, bu, Qafqaz regionunda sabitlik və sülh yaratsın. Bu məsələdə bizim maraqlarımız eynidir”.
Sonra Azərbaycanın Müdafiə naziri qeyd etmişdir ki, Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqaz regionunda mürəkkəb və gərgin vəziyyət qalmaqdadır. Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində külli miqdarda hərbi texnikanın, silah və sursatın toplanması, Gürcüstanda yerləşən Rusiya hərbi bazalarından çıxarılan əmlakın Ermənistan ərazisində yerləşdirilməsi, Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində terrorçu qruplar yaranması və bu ərazilərin narkotraffik məntəqəsinə çevrilməsi Azərbaycanı çox narahat edir.
General-polkovnik S.Əbiyev demişdir: “Bizi bir də o narahat edirki, Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurası çərçivəsində də Ermənistanın işğalçı dövlət olmasına münasibət bildirilməmişdir. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasını daha çox səy göstərməyə məcbur etməlidir”.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən Rusiyanın Müdafiə naziri S.İvanov bildirmişdir ki, Rusiya və Azərbaycan tarix boyu qonşuluq münasibətlərində olmuş və mən inanıram ki, bu görüş Rusiya-Azərbaycan hərbi münasibətlərində yeni dövrün başlanğıcı olacaqdır.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik, terrorizm, aqressiv separatizm və cinayətkar ekstremizm ilə mübarizə, ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri, hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi etmişlər.
Sonra Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında hərbi-texniki əməkdaşlıq və iki dövlətin Müdafiə Nazirlikləri arasında 2003-cü il üçün əməkdaşlıq planı imzalanmışdır. Sənədləri Azərbaycan Respublikası tərəfdən Müdafiə naziri general-polkovnik S.Əbiyev, Rusiya Federasiyası tərəfdən isə Müdafiə naziri S.İvanov imzalamışlar.
Görüşün sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Nazirlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.
Sonra Rusiya Federasiyasının Müdafiə naziri S.İvanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rəsizadə tərəfindən qəbul edilmişdir.
Günün ikinci yarısında Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Bakıya rəsmi səfəri başa çatmışdır.