AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İkinci Beynəlxalq Müdafiə sərgisində (İDEAS-2002) iştirak etmək üçün sentyabrın 14-də Pakistan İslam Respublikasının Karaçi şəhərinə yola düşəcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 15-dən 19-dək Vildbad Krös şəhərində (Almaniya Federativ Respublikası) Müdafiə iqtisadiyyatı mövzusunda seminar, sentyabrın 16-sı və 17-də Brüssel şəhərində (Belçika Krallığı) Milli imkanların qiymətləndirilməsi üzrə seminar, sentyabrın 16-dan 20-dək İsveçrə ordusu ilə tanışlıq səfəri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Avropada təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq kursu, sentyabrın 16-dan 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) "Qloballaşma və təhlükəsizliyin gələcəyi" mövzusunda seminar, sentyabrın 16-dan 27-dək Brunssum şəhərində (Hollandiya) NATO-nun Şimal Regionu Birləşmiş Ortaq Tapşırıq Qüvvələri üzrə kurs, Budapeşt şəhərində (Macarıstan) Hava əməliyyatları üzrə ingilis dili kursu və Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) İctimai informasiya üzrə tanışlıq kursu keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 16-da Tərtər rayonunun Borsunlu və Talış kəndləri arasındakı ərazidə, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 11-dən 13-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO və tərəfdaş ölkələrin nümayəndələri üçün hazırlıq kursu və Roma şəhərində (İtaliya Respublikası) "Kombined Endeavor - 03" çoxmillətli sülhməramlı komanda-qərargah təlimi konsepsiyasının planlaşdırılması konfransı keçirilir.
Sentyabrın 5-də Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri Xəzər Donanmasının komandanı vitse-admiral Vladimir Masorinin rəhbərliyi altında donanmanın 2 gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gələcəkdir.
Sentyabrın 3-də saat 21:00-22:00 radələrində Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup kursantı məktəb rəhbərliyinin onlarla rəftarına etiraz əlaməti olaraq şəhərciyi tərk edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkyaviçusun dəvətilə avqustun 27-də Vilnüs şəhərinə rəsmi səfərə yola düşmüşdür.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 27-si və 28-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Standartlaşdırma agentliyinin uçuşların təhlükəsizliyi üzrə işçi qrupunun görüşü və avqustun 27-dən 29-dək Vilnyus şəhərində (Litva) “Kooperativ Yaquar - 03” çoxmillətli sülhməramlı təlimlərin Əsas planlaşdırma konfransı keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 14-də Ağdam rayonunun Qaradağlı kəndi istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.