Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsi üzrə məruzəçisi cənab Terri Devisi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra qeyd etmişdir ki, siz artıq Ermənistanda və Azərbaycanda bir çox görüşlər keçirmiş, yəqin ki, həqiqətin və yalanın harada olduğunu müəyyən etmisiniz. Avropa Şurası Parlament Assambleyasının münaqişənin həlli ilə məşğul olması bizi məmnun edir.
Cənab T.Devis qəbul üçün təşəkkür etdikdən sonra general-polkovnik S.Əbiyevə Ermənistana və Dağlıq Qarabağa səfəri haqqında məlumat vermişdir. O, atəşkəs dövründə qoşunların təmas xəttində baş verən insidentlər ilə maraqlanmış və müdafiə naziri ona bu barədə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev demişdir: “Bu gün Ermənistan-Azərbaycan münasibətləri həddindən artıq gərgindir. Siz Azərbaycanda qaçqınlarla görüşmüş və onların ağır vəziyyəti ilə tanış olmusunuz”.
Cənab T.Devis bildirmişdir ki, mən Dağlıq Qarabağda da erməni qaçqınlar ilə görüşmüşəm.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, Dağlıq Qarabağda erməni qaçqınları ola bilməz. Bu gün orada 40 min nəfərə yaxın insan yaşayır. İndi orada yaşayanlar son bir neçə il ərzində Ermənistandan, Krasnodardan və digər yerlərdən köçürülənlərdir. Onlar Azərbaycanın işğal olunmuş Laçın və digər rayonlarında da yerləşdirilir. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasəti yeridir.
Cənab T.Devis qeyd etmişdir ki, indi orada çox az adam var. Oradakı evlərin çoxusu dağıdılıb. Həm Şuşada, həm də Xankəndində çox sayda boş evlər gördüm. Mənim üçün çox maraqlıdır, Azərbaycan Dağlıq Qarabağda hakimiyyətini bərpa etdikdən sonra oradakı əhalinin təhlükəsizliyini necə təmin edəcəkdir.
General-polkovnik S.Əbiyev cavab vermişdir ki, onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunları ilə yaşamalıdırlar. Buna riayət etməyənlər qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan Dağlıq Qarabağı və işğal olunmuş ətraf rayonları öz ərazisi hesab edir. Əgər bu məsələ tezliklə danışıqlar yolu ilə həll edilməsə, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişənin həllində ikili standartların mövcud olması Azərbaycanı başqa yol seçməyə vadar edir. Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnamənin və Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini yerinə yetirməmişdir. Bu bizi narahat edir. Ermənistandan heç kim işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasını tələb etmir. Bir az da gözləyəcəyik. Əgər münaqişə həll edilməsə, Azərbaycan öz qəti sözünü deyəcəkdir. Bizə təklif edirlər ki, məsə1əni özünüz həll edin. Biz bu ədalətsiz prinsipi qəbul edə bilmərik. Çünki işğalçı dövlət heç zaman işğal etdiyi torpaqları boşaltmayacaqdır.
Cənab T.Devis cavab olaraq söyləmişdir ki, bu siyasi məsələdir, bir də ki, münaqişənin həllinə beynəlxalq ictimaiyyət vaxtında yetərincə diqqət yetirməmişdir. Mən bunları öz məruzəmdə qeyd edəcəyəm. Bundan əlavə Azərbaycan Avropa Şurasına qəbul olunarkən öz üzərinə münaqişəni dinc yolla həll edəcəyi barədə öhdəlik götürmüşdür.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, buna heç kim təminat verə bilməz. Çünki Azərbaycan xalqının səbri hüdudsuz deyil. Azərbaycan üçün müharibə bitməyib. Məsələnin həllində Avropa Şurası da öz ədalətli mövqeyini bildirməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin yalnız danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini bəyan edən cənab T.Devis demişdir: “Mən vasitəçi deyil, məruzəçiyəm. Məruzədə hər iki tərəfin mövqeini bildirəcəyəm. Məni hər iki tərəfdən olan qaçqınların taleyi, vəziyyəti çox qayğılandırır və döyüş əməliyyatları başladığı təqdirdə yeni qurbanların taleyi düşündürür. Mən bütövlükdə müharibənin əleyhinəyəm. Bu mövqeyim çox möhkəmdir”.
General-polkovnik S.Əbiyev demişdir: “Sizin borcunuz məruzədə mövcud olan vəziyyətlə bağlı haqq və ədaləti rəhbər tutmaqdır. Biz inanırıq ki, siz obyektiv diplomatsınız. Azərbaycan torpaqları işğalçı Ermənistan dövləti tərəfindən zəbt edilmişdir. Azərbaycan torpaqları tezliklə azad edilməlidir. Bunu heç kim inkar edə bilməz. Biz 1 milyon didərgin düşmüş Azərbaycan vətəndaşının taleyini 40 min erməninin taleyinə dəyişə bilmərik. Bir də ki, işğalçı Ermənistan tərəfi heç zaman danışıqlara getməyəcəkdir. Çünki bu dövlətin indiki rəhbərliyi Qarabağ erməni separatçı hərəkatının liderləridir. Onlar münaqişənin dinc yolla həllinə razılıq versələr, siyasi karyeralarına son qoyulacaqdır. Onlar çalışacaqlar ki, Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana birləşdirsinlər. Bu isə müharibənin başlanması deməkdir. Buna görə də Azərbaycanla Ermənistanı bir tərəziyə qoymaq olmaz. İnanırıq ki, siz bizim dediklərimizi nəzərə alacaqsınız və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə yardım edəcəksiniz”.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi deputat qrupunun rəhbəri cənab Səməd Seyidov iştirak etmişdir.