Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik üzrə Biznes İcraçıları Təşkilatının Prezidenti və baş icraçı əməkdaşı, istefada olan general Çarlz Boydun rəhbərlik etdiyi nümayəndə heyətini və ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Səfərbərlik və Ehtiyat Qüvvələri məsələləri üzrə İdarəsinin direktoru general-mayor Ceyms Dardeni qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin müvəqqəti  dayandırılmasından sonra əməkdaşlığımız daha da güclənmişdir. O, demişdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa strukturları və NATO ilə fəal sürətdə əməkdaşlıq edir. Azərbaycan NATO ilə münasibətlərinin daha da genişlənməsinə səy göstərir. ABŞ ilə əməkdaşlığımız təbiidir, çünki bu, xalqımızın tələbidir və bu bizim təhlükəsizliyimizin təminatının güclənməsi deməkdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan bir çox problemlərlə üzləşmişdir və bunun ən təhlükəlisi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan iqtisadiyyatının, o cümlədən “TASİS” proqramı, “Bakı-Tbilisi-Ceyhan” neft-boru və “Bakı-Tbilisi-Ərzurum” qaz-boru kəmərləri haqqında qonaqlara məlumat vermişdir. O, demişdir: “Bu layihələrin təhlükəsizliyini təşkil etmək bizdən tələb olunur. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması isə buna xüsusi təhlükədir”.
Cənab Çarlz Boyd görüş üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək qeyd etmişdir ki, bu səfər bizə regionla və Azərbaycandakı situasiya ilə tanış olmaq imkanı verir. O, demişdir: “Biz özəl təşkilatıq. Təhlükəsizlik məsələlərini həll etmək məqsədilə hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Bizim təşkilatımıza həmçinin biznesmenlər daxildir. Təşkilatımızın həm Azərbaycanda, həm də dünyanın 130 ölkəsində maraqları vardır”.
Sonra o, özü, təşkilatı və əməkdaşları haqqında Müdafiə nazirinə məlumat vermişdir.
Tərəflər Azərbaycanda həyata keçiriləcək geniş iqtisadi layihələrin təhlükəsizliyinin təşkil edilməsi barəsində ətraflı fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft-boru kəmərinin təhlükəsizliyini təmin etmək iqtidarındadır. Lakin bu beynəlxalq layihə və ona qarşı böyük təhlükələr mövcud olduğuna görə, təhlükəsizliyinin təşkil edilməsində bütün iştirakçı dövlətlər iştirak etməlidir. Boru kəmərinin təhlükəsizliyi təminatanın etibarlılığı bu layihənin qiymətinə müvafiq olmalıdır”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqlara ətraflı məlumat vermişdir. O, demişdir: “Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə əsasən dövlətlər üçün limit müəyyən edilmişdir. Lakin işğalçı Ermənistan dövləti bu limiti pozaraq öz havadarlarının yardımı ilə durmadan silahlanmanı davam etdirir. O aldığı silahları və hərbi texnikanı öz ərazilərində saxlaya bilmədiyi üçün onları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu ərazilərdən narkotrafik kimi istifadə olunur və burada terror qruplaşmaları hazırlanır”.
Cənab Ç.Boyd bildirmişdir ki, bu səfər zamanı o, Azərbaycanın bir çox sahələrdə irəliyə getdiyini müşahidə etmişdir. O, demişdir: “ABŞ dövləti Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaxın zamanlarda 10 milyon dollar ayıracaqdır. Biz sizinlə təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırıq”.
Görüş zamanı Müdafiə naziri qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.