Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Steynar Gili və yeni akkreditə olunmuş hərbi attaşesi polkovnik Olav Nordbönü qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra müstəqil Azərbaycanın yaranma tarixi ilə onları tanış edərək demişdir ki, Azərbaycan Avropa dövlətlərinə inteqrasiyanı və NATO ilə “Sülh Naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı davam etdirir.
Səfir S.Gil qəbula görə təşəkkür edərək yeni hərbi attaşeni təqdim etmək üçün gəldiklərini söyləmişdir.  
Hərbi attaşe polkovnik O.Nordbö özünü Müdafiə nazirinə təqdim etmiş və Norveç-Azərbaycan hərbi əməkdaşlığının yaradılmasında fəal iştirak edəcəyini bildirmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi ilə qonaqları tanış edərək söyləmişdir ki, Ermənistan öz havadarlarının köməyilə Azərbaycanı müharibəyə cəlb etmiş, onun torpaqlarını işğal edərək bir milyondan çox vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır.
O demişdir: “Bu gün Ermənistan Respublikası adlanan ərazidə tarixən Azərbaycanın İrəvan xanlığı yerləşmişdir. Dağlıq Qarabağda da ermənilər yaşamamışdır. 1828-ci ildə Çar Rusiyası tərəfindən 2 “erməni vilayəti” yaradıldıqdan sonra İrandan, Türkiyədən və digər ölkələrdən bu ərazilarə ermənilər köçürülmüş və azərbaycanlılar zaman-zaman öz doğma yurd-yuvalarından zorla deportasiya edilmişlər. Hətta 1978-ci ildə ermənilər Dağlıq Qarabağda buraya köçürülmələrinin 150 illiyini qeyd edərək, bu münasibətlə abidə də   ucaltmışdılar. Bu gün onlar həyasızcasına bəyan edirlər ki, bu torpaqlar tarixən ermənilərə məxsus olmuşdur. Onlar əsrlərcə bizim tariximizi, mədəniyyətimizi və incəsənətimizi mənimsəmişlər. Hətta bu gün də Dağlıq Qarabağda Azərbaycan musiqisini dinləyirlər”.
Sonra general-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi ilə qonaqları tanış edərək demişdir: “Azərbaycan xalqı torpaqlarını müdafiə edə-edə öz ordusunu yaratmışdır. Bu çox çətin idi. Bu gün biz kənardan müdaxilə olmadan Silahlı Qüvvələrimizi kadrlarla, hərbi texnika və əmlakla təmin edirik.
Bəyan edirəm ki, Ermənistan-Azərbaycan cəbhəsində döyüş əməliyyatları yenidən başlasa, məsuliyyət dünya ictimaiyyətinin və erməni işğalçılarını dəstəkləyənlərin üzərinə düşəcəkdir. Çünki bəzi dövlətlər və siyasətçilər bu məsələyə ikili standartla yanaşır, Ermənistan açıq-aşkar işğalçı dövlət olduğu halda bunu demirlər. Bununla da bir milyondan artıq azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarını tapdalayırlar.
Azərbaycan xalqı işğal olunmuş torpaqlarını azad etməkdə və qaçqınları öz evlərinə qaytarmaqda qətiyyətlidir.
Azərbaycan müstəqil olduğu 13 il ərzində bir çox dövlətlərlə, o cümlədən Norveçlə ikitərəfli əməkdaşlıq edir. Biz şadıq ki, sizin dövlətiniz də öz Silahlı Qüvvələrini hərbi attaşesi ilə Azərbaycanda təmsil edəcəkdir. Arzu edirəm ki, hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrini yaxşı öyrənsin və Azərbaycan-Norveç hərbi əməkdaşlığının yaradılmasında yaxından iştirak etsin”.