Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Amerika üzrə baş nümayəndəsi xanım Beatris Mejvan-Roqqonu, Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Meri Verntzi, Silahlı Qüvvələr və Təhlükəsizlik məsələləri üzrə regional eksperti istefada olan general-mayor Qiya Toradzeni və Moskvadakı nümayəndəsi Raul Forsteri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, humanitar problemlərin həlli ilə məşğul olduğuna görə sizin təşkilatınız bütün dünyada tanınır. O, 1992-ci ildən BQXK-nin Azərbaycan nümayəndəliyinin yaradıldığını xüsusi vurğulayaraq, onun  Ermənistan-Azərbaycan müharibəsinin gedişində və bu gün itkin düşənlərin axtarışı ilə məşğul olduğunu qeyd etmişdir. O, demişdir: “Siz ayrı-ayrı insanlara və əhaliyə kömək edirsiniz. Problemlərini dövlətlər həll edə bilməyəndə insanlar sizə müraciət edirlər və siz köməyinizi onlardan əsirgəmirsiniz”.
Xanım B.Mejvan-Roqqo səmimi sözlərə görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək, BQXK-nin fəaliyyəti və iş prinsipləri haqqında ona ətraflı məlumat vermişdir. O demişdir: “Biz əminik ki, BQXK ilə Azərbaycan dövləti və onun Silahlı Qüvvələri arasında əməkdaşlıq bundan sonra da davam edəcəkdir. Bizim mandatımız bütün dünya dövlətlərinin silahlı qüvvələri ilə beynəlxalq hüquq normaları əsasında əməkdaşlıq etməyə əsas verir. Əsas missiyalarımızdan biri də mövcud olan silahlı münaqişələrin hüququnu öyrənməkdir. Lakin bu hüquq müharibələrin baş verməsinə haqq qazandırmır”.
BQXK-nin regional eksperti istefada olan general-mayor Q.Toradze bu sahədə Gürcüstanda aparılan iş təcrübəsi ilə Müdafiə nazirini tanış etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları dinlədikdən sonra qeyd etmişdir ki, Cənubi Qafqaz regionunda situasiya olduqca mürəkkəbdir.
O, demişdir: “Bu gün mövcud olan Ermənistan-Azərbaycan münaqişəsi ermənilərin separatçılıq hərəkatının nəticəsidir. Şübhəsiz ki, bu hərəkat xaricdən də dəstəklənir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayarkən burada beynəlxalq humanitar hüququn prinsipləri işləməli idi. Lakin belə olmadı. Məcburi köçkün və qaçqın həyatı sürən, öz doğma yurd-yuvasından didərgin olan 1 milyondan çox Azərbaycan vətəndaşı hələ də ağır vəziyyətdə yaşayır. Döyüş əməliyyatları bu gün yenidən başlaya və bu regionda humanitar fəlakət baş verə bilər. Bəlkə BQXK bu barədə dünya ictimaiyyətinə xəbərdarlıq etsin. Əgər Ermənistan dövləti Azərbaycan torpaqlarını azad etməsə, döyüş əməliyyatları yenidən başlasa, şübhəsiz ki, bu günahın bir hissəsi BQXK-nın üzərinə düşəcəkdir”.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan müharibəsinin gedişi zamanı ermənilərin silahlı münaqişələrin hüquq normasına riayət etmədiklərini və Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmaları barədə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirmədiklərini xüsusi vurğulamışdır. O, Xocalı faciəsi və onun nəticəsi barəsində qonaqlara ətraflı məlumat verərək demişdir: “Hər bir beynəlxalq təşkilat, o cümlədən BQXK Ermənistan-Azərbaycan münaqişəsinin söndürülməsi üçün əlindən gələni etməlidir”.
Görüşün sonunda xanım B.Mejvan-Roqqo Ermənistan-Azərbaycan müharibəsi zamanı Azərbaycanın itkin düşmüş mülki və hərbi qulluqçularının tamamlanmış siyahısını Müdafiə nazirinə təqdim etmişdir.