AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 15-də Tərtər rayonunun ərazisindəki Tərtər və Ağdərə arasında yerləşən yolun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirlikləri Müdafiə nazirinin dəvətilə, “IDEX-2005” 7-ci Beynəlxalq Hərbi Sərgisində iştirak etmək üçün fevralın 10-da Abu-Dabi şəhərinə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 7-dən 8-dək Brüssel şəhərində (Belçika Krallığı) "İnsanların və infrastrukturun qorunması” mövzusunda II ümumdünya konfransı, Zaqreb şəhərində (Xorvatiya) “Terrorizmə qarşı mübarizə” konfransı, fevralın 7-dən 11-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) “NATO Avropa təhlükəsizliyi üzrə əməkdaşlıq” kursu, fevralın 7-dən 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Silahlı münaqişələr hüququ” kursu və fevralın 8-dən 10-dək Kiyev şəhərində (Ukrayna) “Sülhün sipəri-05” təliminin əsas planlaşdırma konfransı keçirilir.
Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin təhlükəsizlik və tərəfdaşlıq sahəsində əməkdaşlıq üzrə yardımçısının müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 1-dən 3-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Kooperativ Best Effort-05” təliminin ilkin planlaşdırma konfransı və fevralın 2-dən 3-dək Neapol şəhərində (İtaliya) “Kooperativ Engagement-05” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Həmin gün general-polkovnik Səfər Əbiyev İraq dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ərşad Öməri qəbul etmişdir.
Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Martsin Navrotu qəbul etmişdir.
Yanvarın 27-də saat 23:25-dən 23:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq-Qərvənd kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan, yanvarın 28-də saat 06:30-dan 06:40-dək isə qumbaraatanlardan atəşə tutmuşlar.
Yanvarın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İvan Palçevi, Bolqarıstan Silahlı Qüvvələrinin sabiq hərbi attaşesi polkovnik Nikolay Stoitsevi və yeni hərbi attaşesi polkovnik Trifon Trifonovu qəbul etmişdir.
Yanvarın 16-da Gədəbəy bölgəsində yerləşən “N” saylı hərbi hissənin kiçik çavuşu Həmidov Abduləli Oktay oğlu (15 aprel 1986-cı ildə anadan olub, 16 aprel 2004-cü ildə Şəki RHK-dan çağrılıb) xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuşdur.