Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin təhlükəsizlik və tərəfdaşlıq sahəsində əməkdaşlıq üzrə yardımçısının müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın təhlükəsizlik strukturları və NATO ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ilin mayında NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. Azərbaycan bu planın bütün müddəalarını tam yerinə yetirmək əzmindədir.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin mürəkkəb olduğunu bildirərək, işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzünün nəticələri haqqında cənab R.Simmonsa məlumat verərək demişdir: “Bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Ermənistan işğalçı dövlət, Dağlıq Qarabağdakı qüvvələr isə separatçı adlandırılmışdır”.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək söyləmişdir ki, Ermənistan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına daxil olarkən tərəfdaş dövlətlərin ərazi bütövlüyünü tanımaq haqqında öhdəlik götürmüşdür. O bu vaxtadək bu öhdəliyi yerinə yetirmir və Azərbaycanın ərazi- bütövlüyünü tanımır. Hesab edirik ki, NATO-nun müvafiq strukturlarının bunu Ermənistandan tələb etmək vaxtı çatmışdır.
General-polkovnik S.Əbiyev İstanbul Sammitində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə Nümayəndəliyinin yaradıldığını xatırlayaraq, cənab R.Simmonsun burada NATO Baş Katibinin xüsusi nümayəndəsi təyin edilməsi münasibətilə onu təbrik etmiş uğurlar arzulamışdır. O, demişdir: “İnanırıq ki, bundan sonra sizin köməyinizlə Azərbaycan NATO-ya daha da sıx inteqrasiya edəcəkdir”.
Cənab R.Simmons qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək Azərbaycana səfərindən məmnun olduğunu qeyd etmişdir. O, söyləmişdir ki, İstanbul Sammitində qəbul edilən qərar NATO-ya Qafqazda və Mərkəzi Asiyada geniş əməkdaşlıq üçün yeni şərait yaratmışdır.
Sonra cənab R.Simmons NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti cənab Romualdas Razuksu Azərbaycanın Müdafiə nazirinə təqdim etmişdir. O, bundan sonra Azərbaycan-NATO əlaqələrinin Fərdi Tərəfdaşlığın Fəaliyyat Planı çərçivəsində dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, bu plan Azərbaycana NATO üzvü olan digər dövlətlərlə əlaqələri gücləndirməyə və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə kömək edəcəkdir.
Cənab R.Simmons Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq qeyd etmişdir ki, NATO bu münaqişənin dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Fərdi Tərəfdaşlığın Fəaliyyat Planının gerçəkləşməsi Cənubi Qafqaz regionunda fərqli  situasiya yaratmasına baxmayaraq, Azərbaycan NATO-ya inteqrasiyanı davam etdirəcəkdir. Buna heç kim şübhə etməməlidir. Lakin Azərbaycan torpaqlarının işğal altında qalması vəziyyəti mürəkkəbləşdirir. Ermənistan Azərbaycan torpaqlarını boşaltmayınca, onunla əməkdaşlıq haqqında danışmaq mümkün deyil. Azərbaycan daha çox gözləyə bilməz. Bu vəziyyət davam etsə Azərbaycan öz torpaqlarını güclə azad etmək yolunu seçəcəkdir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, Fərdi Tərəfdaşlığın Fəaliyyat Planının müddəalarını daha da məqsədyönlü yerinə yetirərdi.
General-polkovnik S.Əbiyev fikrini yekunlaşdıraraq söyləmişdir ki, NATO-nun Cənubi Qafqaz regionunda nümayəndəliyinin fəaliyyət göstərməsi bizim NATO ilə əməkdaşlığımızı asanlaşdıracaqdır.  
Sonra tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmişlər.