AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 24-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonu sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Komandanı ordu generalı Aytac Yalmanı və nümayəndə heyətini qəbul etmişdir.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının ictimai-siyasi xadimi, Keçid Dövrü Demokratiyası Lahiyəsinin direktoru, Amerika Birləşmiş Ştatlarının NATO üzrə Komitəsinin prezidenti cənab Brüs Ceksonu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 20-dən 22-dək Almaniya Federativ Respublikasında “Avropa ordularının onbirinci illik konfransı”, oktyabrın 20-dən 24-dək Gölcük şəhərində (Türkiyə) “Yanacaq standartları, dəniz və limanda yanacaq doldurulması üzrə kurs” və oktyabrın 22-dən 23-dək Moskva şəhərində (Rusiya Federasiyası) “Hərbi cərrahiyyəyə həsr olunmuş xüsusi seminar” keçirilir.
Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni və hərbi attaşesi polkovnik-leytenant Jan Mark Babünü qəbul etmişdir.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi cənab Vladimir Ruşaylonu və nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 6-dan 8-dək Varna şəhərində (Bolqarıstan) “SNT çərçivəsində Dəniz piyadalarının təhlükəsizliyi” mövzusunda seminar, oktyabrın 6-dan 10-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Kooperative Best Effort-04” təliminin ilk planlaşdırma konfransı, Neapol şəhərində (İtaliya) “Kooperative Associate Al-2” təliminin hazırlıq-təlim tədbiri, oktyabrın 6-dan 16-dək Aaxen şəhərində (Almaniya Federativ Respublikası) “NATO-nun Maddi-Texniki Təminat üzrə kursu”, Ankara şəhərində (Türkiyə Respublikası) “NATO-nun Mülki-hərbi əməkdaşlıq üzrə taktiki kursu”, oktyabrın 7-dən 10-dək Piteşti şəhərində (Rumıniya) “Fəlakətlərlə mübarizə üzrə Dacia-2003 təlimi” keçirilir.