Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının ictimai-siyasi xadimi, Keçid Dövrü Demokratiyası Lahiyəsinin direktoru, Amerika Birləşmiş Ştatlarının NATO üzrə Komitəsinin prezidenti cənab Brüs Ceksonu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra qeyd etmişdir ki, son günlər Azərbaycanda əhəmiyyətli hadisələr baş vermiş və Azərbaycan xalqı düzgün seçim edərək cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir. O, bildirmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın və dünyanın təhlükəsizlik strukturlarına inteqrasiyaya, NATO-ya maksimum yaxınlaşmağa və Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığı həyata keçirməyə can atmış və buna nail olmuşdur.
Cənab B.Cekson səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək söyləmişdir ki, NATO-nun strateji məqsədi Avro-Atlantika məkanında və müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərini həll etmək, bu regionlarda sabitlik və əmin-amanlıq yaratmaqdır. O, bu ilin noyabrında keçiriləcək Qara dəniz regionu üçün Avro-Atlantika strategiyası müşavirəsi, gələn il keçiriləcək Münxen və İstanbul sammitləri haqqında general-polkovnik S.Əbiyev ilə geniş fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev öz növbəsində Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə qonağı ətraflı tanış etmişdir. O, demişdir: “Azərbaycan həmişə NATO ilə fəal əməkdaşlığa can atmışdır. NATO ilə süst əməkdaşlıq bizi qane etmir”.
Cənab B.Cekson general-polkovnik S.Əbiyevin fikirlərini dəstəkləmiş, çox uğurlu və demokratik keçirilən prezident seçkilərində qalib gələn cənab İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə təbrik etmişdir.