Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi cənab Vladimir Ruşaylonu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafıə naziri qonaqları salamlayaraq Azərbaycan-Rusiya münasibətlərinin son zamanlar daha da istiləşdiyini və yüksələn xəttlə inkişaf etdiyini qeyd etmişdir. O, demişdir ki, bu, Azərbaycan və Rusiya Prezidentlərinin ardıcıl görüşlərinin nəticəsində baş vermişdir. Nazir demişdir: “Bu münasibətlər eyni zamanda hər iki dövlətin Müdafiə Nazirliklərinin hərbi əməkdaşlığının inkişaf etməsinə imkan yaratmışdır. Biz dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsinə yüksək məsuliyyət hissilə yanaşmalıyıq”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək bildirmişdir ki, SSRİ dağıldıqdan sonra işğalçı Ermənistan dövlətinin Azərbaycan torpaqlarını zəbt etməsi müəyyən dərəcədə Rusiya-Azərbaycan münasibətlərinə də soyuqluq gətirmişdir. Bu soyuqluq əvvəlcə SSRİ dövlətində, sonra isə Rusiya Federasiyasındakı müəyyən qüvvələrin işğalçı Ermənistan dövlətinə yardım etməsi sayəsində baş vermişdir.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən cənab V.Ruşaylo bildirmişdir ki, biz Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə etməyə hazırıq. Çünki bu bizim strateji maraqlarımıza cavab verir.
Sonra tərəflər Azərbaycan-Rusiya hərbi əməkdaşlığı barəsində geniş fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Rusiya Federasiyasının Gürcüstandakı hərbi bazalardan çıxardığı silah və sursatın, hərbi texnikanın Ermənistana gətirilməsi, oradan isə aparılaraq Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş torpaqlarında yerləşdirilməsi, hər il Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi bizi çox narahat edir.
General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycan Respublikası Rusiya Federasiyası ilə milli mənafeinə xidmət edən hər cür əməkdaşlığa hazırdır. Buna görə də Rusiya Federasiyası ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tezliklə həll edilməsinə çalışmalıdır”.
Sonra general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.
Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Ryabov iştirak etmişdir.