Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Komandanı ordu generalı Aytac Yalmanı və nümayəndə  heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev qonaqları səmimi salamlayaraq bildirmişdirki, Türkiyə Silahlı Qüvvələrindən gələn hər bir nümayəndə heyətinə bizim sonsuz sayqımız və hörmətimiz vardır. Çünki Türkiyə dövləti və xalqı bizim üçün tarixən doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə Respublikası onu ilk tanıyan dövlət olmuşdur. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev bu doğmalığı çox dəqiq ifadə etmişdir: “Bir millət, iki dövlət”.
Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra iki dövlətin Silahlı Qüvvələri arasında da sıx qardaşlıq münasibətləri yaranmışdır. Ermənistan-Azərbaycan münaqişəsinin fəal dövründə Türkiyə Azərbaycanın yanında olmuşdur. Azərbaycan Silahlı Qüvvələrində islahatların aparılmasında da Türkiyə Silahlı Qüvvələrinin rolu az olmamışdır.
Bu gün Azərbaycanın ən böyük problemi həll edilməmiş Dağlıq Qarabağ məsələsidir. Bizi narahat edən bir də odur ki, dünya dövlətləri Ermənistanı işğalçı dövlət kimi tanımır. Ermənistan isə qondarma soyqırım məsələsindən Türkiyə və Azərbaycanın əleyhinə  əks təbliğat vasitəsi kimi istifadə edir”.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən ordu generalı A.Yalman demişdir ki, cənab Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsi çox gözəldir. Çünki bizim problemlərimiz sizin, sizin  problemləriniz isə bizimdir. Həll edilməmiş Dağlıq Qarabağ məsə1əsi bizim də problemimizdir. Türkiyə Azərbaycana həmişə maddi-mənəvi dəstək vermiş və bundan sonra da onun yanında olacaqdır. Bizim birliyimiz könül birliyidir.
Ordu generalı A.Yalman bildirmişdir ki, səfərimin məqsədi bu vaxta qədər gördüyümüz işləri daha da intensiv şəkildə davam etdirməkdir.
Sonra tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ətrafında geniş fikir mübadiləsi etmiş, planlaşdırılmış işlərin və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının tezliklə həyata keçirilməsi qənaətinə gəlmişlər.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı  Ömər Bayraqlı iştirak etmişdir.