Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni və hərbi attaşesi polkovnik-leytenant Jan Mark Babünü qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, bizim ardıcıl görüşlərimiz əməkdaşlığımızın sabitləşməsinə şərait yaradır. Biz bu əməkdaşlığı genişləndimək əzmindəyik.
Xanım Ş.Puare səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək bildirmişdir ki, Azərbaycanda Fransanın yeni təyin edilmiş hərbi attaşesini təqdim etmək üçün görüşə gəlmişdir. O, demişdir: “Biz Fransa-Azərbaycan əməkdaşlığında irəli getməyə hazırıq”.
Sonra xanım Ş.Puare beynəlxalq terrorizmlə mübarizədə Fransa və Azərbaycanın maraqlarının eyni olduğundan və Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səylərdən bəhs etmişdir.
Hərbi attaşe polkovnik-leytenant Jan Mark Babü özünü Azərbaycanın Müdafiə nazirinə təqdim edərək qeyd etmişdir ki, o, Fransa-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
General-polkovnik S.Əbiyev polkovnik-leytenant J.M.Babünü yeni təyinatı münasibətilə təbrik etmiş və ona Azərbaycan-Fransa hərbi əməkdaşlığının təşkilində uğurlar arzulamışdır.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan-NATO əməkdaşlığı haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O, demişdir: “Bizi narahat edən odur ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Ermənistanı işğalçı dövlət adlandırmır. Fransa Respublikası Minsk Qrupunun həmsədri kimi söz verib ki, bu münaqişənin həllinə fəal kömək edəcəkdir. Biz bu köməyi gözləyirik. Deyə bilərsinizmi biz nə qədər gözləyəcəyik? Azərbaycan xalqı daha gözləyə bilmir...
Deyirlər ki, məsələni obyektiv həll etmək lazımdır. Olsun. Obyektiv olaraq Ermənistan dövləti aqressordur. Bunu demək lazımdır.”
Sonra tərəflər Azərbaycan-Fransa hərbi əməkdaşlığı barəsində ətraflı söhbət etmişlər.
General-polkovnik S.Əbiyev görüşün sonunda Fransanın hərbi attaşesinə Cənubi Qafqaz regionunda mövcud olan situasiyanı, burada gedən prosesləri dərindən öyrənməyi və bir daha ona işində uğurlar arzulamışdır.