AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 26-da saat 18:00-dan 18:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Tapqaraqoyunlu kəndi sahəsindəki mövqelərini avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 23-dən 27-dək Skopye şəhərində (Makedoniya) “Kooperativ Best-effort-98” təlimlərinin planlaşdırılması üzrə əsas konfrans keçirilir.
Fevralın 22-də saat 08:15-dən 10:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Satalmış dağının şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki bölmələrini avtomatlardan, iriçaplı pulemyotlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Fevralın 17-də saat 12:35-də işğal olunmuş Xocavənd rayonu ərazisindəki Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti sahəsində atəşkəs rejimi monitorinqinin keçiriləcəyi məntəqə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən avtomatlardan və qumbaraatanlardan atəşə tutulmuşdur.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 17-dən 19-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Kooperativ KEY” hava-yerüstü təlimlərinin və fevralın 18-dən 19-dək Norfolk şəhərində (Vircinya ştatı, ABŞ) “Kooperativ Ostreyd” təlimlərinin planlaşdırılması üzrə konfranslar keçiriləcək.
Fevralın 13-də saat 17:20-dən 17:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonu ərazisindəki Saraqtiqaş yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Fevralın 10-da saat 11:30-dan 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Berdavan (keçmiş Qalaça) yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qazax rayonu Kəmərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 10-dan 12-dək Baykorn şəhərində (Böyük Britaniya) “Kooperativ BEAR-98” təlimlərinin planlaşdırılması üzrə konfrans və fevralın 12-dən 18-dək Brüssel şəhərində (Belçika Krallığı) böhranların idarəedilməsi üzrə “SMX -98” komanda-qərargah təlimləri keçiriləcəkdir.
Fevralın 6-da saat 20:30-dan 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Satılmış dağı ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən bölmələrini avtomatlardan, iriçaplı pulemyotlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1998-ci il yanvarın 30-da Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir.