Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1998-ci il yanvarın 30-da Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir. İclasın gündəliyinə Birliyin Kollektiv Təhlükəsizlik Şurasının, MDB ölkələri dövlət və hökumət başçıları Şuralarının müzakirəsinə təqdim ediləcək məsələlər, həmçinin Müdafiə nazirləri Şurasının məsələləri və MDB iştirakçısı dövlətlərin hərbi əməkdaşlığının 2001-ci ilə qədər planı layihəsinin müzakirəsi daxil idi.
İclasda eyni zamanda Tacikistan Respublikasında və Abxaziya (Gürcüstan) münaqişə zonasında sülhün qorunub saxlanılması əməliyyatlarının yerinə yetirilməsi üzrə birliyin dövlət başçıları Şurasının qərarlarının həyata keçirilməsinin gedişi haqqında məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev iclasda çıxış etmişdir. Nümayəndə heyəti yanvarın 31-də axşam Bakıya qayıtmışdır.