AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1997-ci il iyunun 9-dan 11-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərində “Kooperativ Demand” çoxmillətli təliminin əsas planlaşdırılması üzrə konfrans, iyunun 9-dan 14-dək isə Almaniya Federativ Respublikasının Oberammergau şəhərində yerləşən NATO məktəbində sülhməramlı kurslar keçirilir.
1997-ci il iyunun 7-dən 14-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının verifikasiya Mərkəzinin dəvəti ilə Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü il Vyana sənədi çərçivəsində Silahlar üzərində nəzarət problemləri ilə əlaqədar ikitərəfli hazırlıq tədbirləri təşkil ediləcək.
1997-ci il iyunun 2-dən 19-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində İsveç Milli Müdafiə Kolleci tərəfindən təşkil edilmiş “Silahlı Qüvvələr üzərində demokratik nəzarət və müdafiə büdcəsi planlaşdırılması” mövzusunda seminar keçirilir.
1997-ci il mayın 26-dan iyunun 7-dək Norveç Krallığının Kristiansend şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Banners” kodu ilə təlim keçiriləcəkdir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 26-dan 30-dək Rumıniyada “Kooperativ Determineyşn-97” adı altında təlim, mayın 26-dan iyunun 13-dək Hamburq (AFR) şəhərində “Avropada və Avropa üçün təhlükəsizlik siyasəti sahəsində perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.
1997-ci il mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev Atlantika Şurasının nümayəndə heyətini qəbul etmişdir.
1997-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 11:00-dan 11:30-dək və saat 14:15-dən 14:30-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Tovuz rayonunun Koxanəbi kəndi; saat 14:45-də işğal olunmuş Xocavənd rayonunun Kuropatkino kəndi istiqamətindən Ağcabədi rayonunun cənub-qərbindəki; saat 16:55-dən 17:00-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndi istiqamətindən həmin rayonun Məmmədbağırlı kəndi; saat 17:00-dan 17:15-dək İcevan rayonunun Paravakaryal dağındakı mövqelərindən Qazax rayonunun cənubundakı; mayın 19-da isə saat 00:30-dan 01:00-dək Füzuli rayonunun işğal olunmuş Kürdlər kəndinin şərqindəki mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi sahəsindəki mövqelərimizi atıcı silahlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
1997-ci il mayın 14-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:20-dən 19:30-dək və saat 23:00-dan 23:10-dək Berd rayonunun Çinari və İcevan rayonunun Vazaşen kəndləri istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Qazax rayonunun Balacəfərli kəndləri sahəsindəki; mayın 15-də saat 01:15-dən 02:30-dək İcevan rayonunun Paravakar kəndi və Paravakaryal dağı istiqamətlərindən Ağstafa rayonunun Tatlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan, tankəleyhinə qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:15-dən 18:30-dək və saat 20:45-dən 21:50-dək Qazax rayonunun işğal olunmuş Barxudarlı kəndi və İcevan rayonunun Sariqüx kəndi istiqamətindən Azərbaycan Ordusunun Qazax rayonunun Balacəfərli və Cəfərli kəndləri sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
1997-ci il mayın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:15-dən 21:40-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotladan atəşə tutmuşlar.