AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Balacəfərli kəndi sahəsində növbəti monitorinq keçiriləcəkdir.
Martın 10-da saat 22:00-dan 22:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Şəmri və Örükdaş yüksəkliklərindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Başkənd aşırımı sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 1-dən 5-dək NATO-nun Brüssel şəhərindəki (Belçika) qərargah-mənzilində “XXI əsrdə vertolyotlara qarşılıqlı qulluq məsələləri üzrə” işçi qrupun görüşü keçiriləcəkdir.
Fevralın 26-da saat 21:25-dən 21:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisində yerləşən Qarayal dağındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Norveçin ATƏT-in Minsk qrupundakı nümayəndəsi cənab K.Xauqeni, Norveç XİN-in ATƏT-lə əlaqələr üzrə bölməsinin üzvü cənab R.Asxaymı və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi cənab A.Kaspşiki qəbul etmişdir.
Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik İbrahim Tülünü, Quru Qoşunlarının Maddi-Texniki Təminat Planlaşdırma İdarəsinin rəisi general-mayor Orxan Tiryakini və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 22-dən 26-dək Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun sülhü dəstəkləmək əməliyyatları və silahlar üzərində nəzarət kursları, fevralın 23-dən 25-dək isə Ankara şəhərində (Türkiyə) “Kooperativ Key” hərbi təlimlərin planlaşdırılması üzrə əsas konfrans keçiriləcək.
Fevralın 19-da saat 22:55-dən 23:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;- saat 23:15-dən 23:45-dək isə düşmən Goranboy rayonunun işğal olunmuş Talış kəndi ərazisindəki mövqelərindən qoşunlarmızın həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Fevralın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenskini onların xahişi ilə qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, fevralın 9-dan 12-dək Oxrid şəhərində (Makedoniya) “Kooperativ Draqon-99” təlimlərinin planlaşdırılması üzrə 2-ci seminar və baş konfrans keçiriləcəkdir.