Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı ordu generalı Attila Atəş iyulun 17-dən 19-dək Bakıda işgüzar səfərdə olmuşdur. Qonağı Binə hava limanında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün ordu generalı Attila Atəş “Şəhidlər Xiyabanı”nı ziyarət etmiş, Azərbaycanın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən istiqlal mücahidlərinin və 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərinin məqbərəsi önünə əklillər qoymuşdur.
İyulun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ordu generalı Attila Atəşi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qəbul zamanı Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında münasibətlərin getdikcə dərinləşdiyindən məmnun olduğunu vurğulamış, Azərbaycan Ordusunun NATO standartlarına uyğun inkişaf etdirilməsi prosesində qardaş Türkiyə Silahlı Qüvvələrinin dəstəyinə yüksək qiymət verdiyini və Azərbaycan Silahlı Qüvvələrinin gündən-günə qüdrətlənməsində bu dəstəyin rolunun əvəzsiz olduğunu bildirmişdir. Ordu generalı Attila Atəş cavab olaraq bildirmişdir ki, sizin uğurlarınız bizim uğurlarımızdır və bundan sonra da Azərbaycan üçün hər bir fədakarlığı göstərəcəyik.
Elə həmin gün türkiyəli qonaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev tərəfindən qəbul olunmuşdur.
İyulun 18-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Attila Atəş Azərbaycan Silahlı Qüvvələrinin Zabitləri təkmilləşdirmə kursları və Gizirlər məktəbinə, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə getmiş, bu təhsil ocaqlarını gəzərək, onların maddi-texniki bazası və tədris prosesi ilə tanış olmuşdur.
Qonaq ordu üçün ixtisaslı zabit və gizirlər hazırlanması sahəsində qısa müddətdə görülən işlərin miqyasından məmnun qaldığını söyləmiş və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun inkişafı və güclənməsi naminə dəstəyinin bundan sonra da davam edəcəyini bildirmişdir.
Ordu generalı Attila Atəş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində taburlardan birinin şəxsi heyəti ilə görüşmüş və nitq söyləmişdir.
Sonra qonaq mədəni proqram çərçivəsində Azərbaycan paytaxtının tarix, mədəniyyət və incəsənət obyektlərini ziyarət etmişdir.
İyulun 19-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı ordu generalı Attila Atəş Ankaraya yola düşmüşdür.