Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasnın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Müdafə naziri cənab Uilyam S.Koenin dəvətilə iyunun 28-dən iyulun 2-dək Vaşinqton şəhərində rəsmi səfərdə olmuşdur.
Nümayəndə heyətini Vaşinqton şəhərinin “Dallas” beynəlxalq hava limanında ABŞ Müdafiə nazirinin icraçı agenti cənab Allen Şepard; Müdafiə Nazirliyinin Rusiya Federasiyası, Ukrayna və Avrasiya ofisinin baş direktoru cənab Edvard Pusi; Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev, hərbi attaşesi polkovnik Daşdəmir Məmmədov və digər rəsmi şəxslər qarşılamışlar.
General-polkovnik S.Əbiyev ABŞ-ın Arlinqton qəbristanlığında “Naməlum əsgər”in məzarı önünə əklil qoymuşdur.  
Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə naziri bir sıra əhəmiyyətli görüşlər keçirmişdir. O, Dövlət Departamentində ABŞ Dövlət katibinin müavini cənab Stiven Sestanoviçlə görüşündə iki dövlətin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşması, Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və “Azadlıq Aktı”na 907-ci düzəlişin iki dövlətin qarşılıqlı münasibətlərinə ciddi əngəl törətdiyi barədə onunla fikir mübadiləsi etmişdir. Cənab Stiven Sestanoviç Müdafiə nazirinə ABŞ prezidenti U.Klinton və Ermənistan Respublikasının prezidenti R.Köçəryan arasında keçirilən görüş barəsində ətraflı məlumat vermişdir.
Pentaqonda Azərbaycan Respublikası Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Müdafiə Nazirliyi binası qarşısında ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadası Korpusunun nümayəndələrindən ibarət Fəxri Qaravul düzülmüş, Azərbaycan Respublikası və ABŞ-ın Dövlət himnləri səslənmişdir.
Sonra cənab Uilyam S.Koen Müdafiə naziri general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir. Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və ABŞ-ın Müdafiə naziri Uilyam S.Koen tərəfindən 1997-ci il iyulun 31-də imzalanmış birgə Bəyanata istinad edən, iki dövlətin Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlığın əsasını qoyan “Azərbaycan ilə Birləşmiş Ştatlar arasında Müdafiə və Hərbi sahələrdə əməkdaşlıq barədə birgə Bəyannamə” imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən general-polkovnik S.Əbiyev, ABŞ tərəfdən cənab Uilyam S.Koen imzalamışlar.
Sonra general-polkovnik S.Əbiyev ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri general Henri Şelton, Müdafiə naziri müavininin Rusiya Federasiyası, Ukrayna və Avrasiya üzrə müavini cənab Cefri Starr, Müdafiə naziri ofisinin Strategiya və Siyasəti Planlaşdırma İdarəsinin Baş nümayandələri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycan və Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi edilmişdir.
General-polkovnik S.Əbiyev Konqresdə də maraqlı görüşlər keçirmişdir. O, Xarici münasibətlər Komitəsi aparatının rəhbərləri Marşall Billinqsli və Maykl Vestfal və senator Ç.Xeqelin köməkçisi Maykl Kulter; Nümayəndələr Palatasının üzvləri konqresmen Vik Snayder və Silahlı Qüvvələrə xidmət üzrə Komitənin sədri konqresmen Floyd Spens ilə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin yaranması səbəblərini açıqlamış, onun nəticələri barəsində müsahiblərinə ətraflı məlumat vermiş, “Azadlıq Aktı”na 907-ci düzəlişin Azərbaycan xalqına qarşı ədalətsiz bir akt olduğunu vurğulamış və onun tezliklə aradan götürüləcəyinə ümid bəslədiyini bildirmişdir.
Bundan əlavə, Müdafiə naziri “Azad Avropa/ Azadlıq Radiosu”nun kommunikasiya məsələləri üzrə direktoru cənab Pol Qobl, radionun əməkdaşı Asta Banionis, “Rend” korparasiyasının analitiki Pol Xense, senator Sem Braunbekin qanunvericilik məsələləri üzrə köməkçisi Kristina Rokka və digərlərilə görüşmüşdür.  
İyunun 29-da nümayəndə heyəti Pensilvaniya ştannın Karlayl Baraks qəsəbəsində yerləşən ABŞ Quru Qoşunları Müdafiə Kollecinə gəlmişdir. Müdafiə naziri məktəbin strukturu və təhsil proqramı ilə yaxından tanış olmuş, sonra burada Hərb Tarixi İnstitutu, Strateji Liderlik Mərkəzi və Sülhü Dəstəkləmə İnstitutu ilə tanış olmuşdur. Bu təhsil ocaqlarında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti üçün brifinq keçirilmiş və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Səfər zamanı keçirilən on yeddi görüşdə Müdafiə naziri general-polkovnik S.Əbiyevi Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev və ABŞ Müdafiə naziri müavininin Rusiya Federasiyası, Ukrayna və Avrasiya üzrə müavini cənab Cefri Starr müşayiət etmişlər.
Nümayəndə heyəti iyulun 3-də Vətənə qayıtmışdır.