AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 17-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün dekabrın 9-da Moskva şəhərinə yola düşmüşdür.
Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə Katibinin Beynəlxalq Təhlükəsizlik Siyasəti üzrə köməkçisi xanım Mira Rikardeli qəbul etmişdir.
Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Yuri Merzlyakov (Rusiya Federasiyası) və Anri Jakoleni (Fransa Respublikası) qəbul etmişdir.
Dekabrın 3-də Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Donald Ramsfeld Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 1-dən 2-dək Brunsum şəhərində (Niderland Krallığı) “NATO-nun Şimal Regional Komandanlığının illik koordinasiya konfransı”, dekabrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada təhlükəsizlik və əməkdaşlıq” üzrə kurs, Bern şəhərində (İsveçrə) və Larisa şəhərində (Yunanıstan) “Hərbi terminalogiya» kursları və dekabrın 1-dən 12-dək Enkopinq şəhərində (İsveç Krallığı) “Vikinq-03” təlimi keçirilir.