Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 3-də Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Donald Ramsfeld Bakıya rəsmi səfərə gəlmişdir.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinə raport vermişdir. Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasına qarşı ədalətsiz tətbiq edilən ABŞ Konqresinin Azadlığı Dəstəkləmə AKT-ına 907-ci düzəlişin qüvvəsinin dayandırılması ölkələrimiz arasında sıx əməkdaşlığın  qurulmasına güclü təkan vermişdir və əməkdaşlığımız konkret proqramların reallaşdırılması, xüsusilə sülhməramlı potensialın möhkəmləndirilməsi sahəsində əldə edilən tərəqqi ilə getdikcə daha geniş vüsət alır.
O demişdir: “Bu il biz Azərbaycan Silahlı Qüvvələrinin müvafiq strukturlarının imkanlarının gücləndirilməsi sahəsində qarşılıqlı fəaliyyəti canlandırmağa çalışırıq. Artıq bir çox sahələrdə əməkdaşlığın perspektivləri müəyyən edilmişdir.  
 Şübhəsiz ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın mühüm sahələrindən biri də beynəlxalq terrorizmlə mübarizədir. Azərbaycan Respublikası beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın və bütün dünya ictimaiyyətinin səylərini dəstəkləməkdə davam edir.
Bu gün bizim sülhməramlı bölməmiz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyin Dəstəklənməsi üzrə Qüvvələrin tərkibində fəaliyyət göstərir və Azərbaycan özünün hava məkanını beynəlxalq koalisiya üzvü olan dövlətlərin təyyarələrinin uçması üçün təqdim etməklə koalisiya qüvvələrilə əməkdaşlığını davam etdirir.
 Azərbaycan həmçinin ABŞ-ın və Koalisiya qüvvələrinin İraqda keçirdiyi əməliyyatları dəstəkləyir və bunun üçün öz sülhməramlı kontingentini İraqa göndərmişdir”.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Donald Ramsfeld bildirmişdir ki, biz Azərbaycanı çox dəyərli strateji tərəfdaşımız hesab edirik. O demişdir: “Biz sizə terrorizmə qarşı qlobal mübarizəyə dərhal dəstək verdiyinizə, Əfqanıstana və İraqa sühməramlı kontingent göndərdiyinizə, eləcə də sülhməramlı fəaliyyətinizi genişləndirməyə hazır olduğunuza görə təşəkkür edirik.
General Çarlz Uoldun Sizinlə görüşündə apardığı müzakirələrdən sonra biz ilk növbədə Xəzər dənizinin təhlükəsizliyinin təmin olunması, terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə kimi daha geniş və çox sahələri əhatə edən proqram hazırlanmasına çalışırıq.
Eyni zamanda bildirmək istəyirəm ki, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyətiniz sizin üçün çox faydalıdır”.
Müdafiə naziri Səfər Əbiyev cavab olaraq demişdir: “Azərbaycan NATO ilə əməkdaşlığının mövcud səviyyəsi ilə kifayətlənmir və bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir”.  
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan vəziyyətə toxunaraq demişdir: “Bölgədə vəziyyət Ermənistanın işğalçılıq siyasəti və Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi səbəbindən mürəkkəb və gərgin olaraq qalmaqdadır. Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır. Burada külli miqdarda nəzarətsiz silah və hərbi texnika cəmlənmişdir. Bir milyondan çox qaçqın və məcburi köçkün dözülməz şəaraitdə yaşayır. Bizi təəcübləndirən odur ki, beynəlxalq ictimaiyyət Qafqazdakı vəziyyətə etinasızlıq nümayiş etdirir, işğal olumuş ərazilərdə terrorçu təşkilatlara, həmçinin Avropaya, eləcə də dünyanın digər bölgələrinə narkotik maddələrin və silahların tranzitinə şərait yaradan Ermənistanın cəzasız hərəkətlərinə passiv yanaşır. Qeyd edilən faktlar təkcə Azərbaycana deyil, həmçinin bölgənin digər dövlətlərinə ciddi təhlükə törədir”.
Müdafiə naziri fikrini davam etdirərək demişdir: “Təcavüzkarın və təcavüzə məruz qalanın müəyyən edilməsinin zamanı artıq gəlib çatmışdır. Biz ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatları bu məsələdə öz prinsipial mövqeyini nümayiş etdirəcəkdir. Əminəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam hörmət edilməsilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi şübhəsiz ki, Cənubi Qafqazda təhlükəsizliyin, sülhün və sabitliyin təmin olumasına həlledici təsirini göstərəcəkdir.
 Azərbaycanla ABŞ arasında əməkdaşlıq və strateji tərəfdaşlıq, eləcə də ölkələrimizin silahlı qüvvələri arasında sıx əlaqələrin gələcəkdə də inkişafı sülh və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir”.
Görüşün sonunda tərəflər dünyada mövcud şərait, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev və ABŞ-ın respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişlər.