Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə Katibinin Beynəlxalq Təhlükəsizlik Siyasəti üzrə köməkçisi xanım Mira Rikardeli qəbul etmişdir.
Xanım M.Rikardeli salamlayan Müdafiə naziri bildirmişdir ki, nümayəndə heyətlərimizin hər bir görüşü Azərbaycan-ABŞ hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni bir təkan olur. O demişdir: “Bir gün əvvəl cənab D.Ramsfeldlə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı barədə fikir mübadiləsi apardıq. Bu günkü görüşümüzdə isə ikitərəfli əməkdaşlığımız çərçivəsində konkret məsələlər və planlarımızın həyata keçirilməsi barədə danışacağıq. Çünki görüləsi işlərimiz çoxdur”.
Səmimi qəbul üçün, eləcə də ABŞ nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə Müdafiə nazirinə təşəkkür edən xanım M.Rikardel demişdir: “ABŞ tərəfi Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə göstərdiyi mühüm dəstəyi çox yüksək qiymətləndirir. Biz İraqda və Əfqanıstanda fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlıq nümayiş etdirməsi haqda məlumatlar almaqda davam edirik. Bu hal həm regional, həm də qlobal təhlükəsizlik sahəsində ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsinə öz müsbət təsirini göstərir.  
İkitərəfli əlaqələrimizin inkişaf etdirilməsində göstərilən səylər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sizin qüdrətinizin və imkanlarınızın artırılması məqsədi daşıyır. Bu mənada Azərbaycanın NATO-nun SNT Proqramında fəal iştirakını yüksək qiymətləndiririk və bu fəaliyyətin daha da genişləndirilməsini dəstəkləməkdə davam edəcəyik”.
Səmimi sözlərə görə xanım M.Rikardelə təşəkkür edən general-polkovnik S.Əbiyev Azərbaycan-NATO əlaqələrinin durmadan inkişaf etdiriləcəyini və ölkəmizlə NATO arasında növbəti dövr üçün Fərdi Tərəfdaşlıq Proqramının daha geniş sahələri əhatə edəcəyini vurğulamışdır.
Müdafiə naziri onu da qeyd etmişdir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində ölkələrimiz arasında mövcud əməkdaşlığa böyük əhəmiyyət verir və bu sahədə əldə olunacaq real nəticələr yaxın gələcəkdə istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olumasına və digər irimiqyaslı beynəlxalq layihələrin reallaşmasına öz müsbət təsirini göstərəcəkdir. Bütün bunlar regionda sülhün, stabilliyin və sabit inkişafın əldə olunması üçün zəruridir”.
Görüşün sonunda tərəflər ölkələrimiz arasında əməkdaşlığın konkret sahələri, onun gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Hafiz Paşayev və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişlər.