Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Yuri Merzlyakov (Rusiya Federasiyası) və Anri Jakoleni (Fransa Respublikası) qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra demişdir: “Sizin işiniz çox çətin, eyni zamanda şərəflidir. Bu iş Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdən ibarətdir. Bunun üçün ilk növbədə dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməli və beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Qarşımızda fakt vardır. Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdir. Yalnız BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə əməl etməklə münaqişəyə son qoymaq olar”.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən həmsədrlər bildirmişlər ki, biz beynəlxalq birliyin ixtiyarında olan bütün imkanlardan istifadə etməklə münaqişənin tezliklə həll olunmasında tərəqqiyə nail olmağa çalışırıq.
General-polkovnik S.Əbiyev həmsədrləri diqqətlə dinlədikdən sonra demişdir: “Mən sizin nikbinliyinizi qiymətləndirirəm. Amma hələ ki, sevinməyə əsaslı səbəb yoxdur. Çünki, münaqişəyə ikili standartlar mövqeyindən yanaşılır. Faktlar kifayət qədərdir. Bu günədək Ermənistana silah göndərilməsi dayandırılmamışdır. Bu silah və sursatın böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində yerlaşdirilmişdir. Nəticədə Ermənistan kifayət qədər silaha malik olduğuna və siyasi dəstək aldığına görə danışıqlarda öz mövqeyini sərtləşdirir. Bu, münaqişənin həllinə öz mənfi təsirini göstərir”.
Fransalı həmsədr A.Jakolen söz alaraq, hazırda münaqişənin həlli üçün münasib şəraitin yarandığını və bədbinliyə əsas olmadığını bildirmişdir.
Buna cavab olaraq Müdafiə naziri demişdir: “Mən bədbin deyil, realistəm. Mən sizin dediklərinizin əksini göstərən faktları diqqətinizə çatdırmaq istəyirəm.
Nə üçün təcavüzkarın silahlandırılması, işğal olunmuş ərazilərə silah cəmləşdirilməsi və separatçı rejimə hərtərəfli yardım davam etdirilir!?
Nə üçün işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda 40-50 min erməni yaşadığı halda, yurdlarından qovulmuş bir milyon azərbaycanlı dözülməz şəraitdə yaşayaraq ağır iztirablarla üzləşir!?
Nə üçün təcavüzkarla təcavüzə məruz qalan eyniləşdirilərək onların öz aralarında razılığa gəlmələri tələb olunur!? Bu əvvəlcədən tərəflərdən birini çıxılmaz vəziyyətdə qoymaq deməkdir... Belə şəraitdə sülh danışıqlarının müsbət nəticə verəcəyinə inanmaq çətindir. Bu gün təcavüzkara – təcavüzkar, separatçıya - separatçı deməyin zamanı çatmışdır.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq hüquq normalarına riayət olunması Ermənistandan qəti tələb edilmədikcə münaqişənin həllində hər hansı müsbət nəticədən danışmaq mənasızdır. Münaqişənin həlli uzandıqca, döyüş əməliyyatlarının yenidən bərpa olunması ehtimalı artır”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev həmsədrlərin fəaliyyətinin gözlənilən nəticəni verəcəyinə ümid etdiyini bildirmiş və onlara uğurlar arzulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Reno Harniş, Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare iştirak etmişlər.