AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 21-dən 23-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) Bundesver tərəfindən təşkil edilmiş “Almaniyanın xarici təhlükəsizlik siyasətində Avropa aspektləri” mövzusunda seminar keçirilir.
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 20-dən 24-dək Oberamerqau şəhərində (Almaniya Federativ Respublikası) adi silahlar üzərində nəzarətin yerinə yetirilməsi kursları və aprelin 20-dən mayın 1-dək isə San-Remo şəhərində (İtaliya Respublikası) Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi Beynəlxalq İnsansevərlik Hüququna dair hərbi seminar çərçivəsində təlim məşqləri keçiriləcəkdir.
Aprelin 19-da saat 20:30-dan 20:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Talış kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi sahəsindəki bölmələrini avtomatik silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı aprelin 13-dən 15-dək Bakıda rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 14-dən 16-dək Neapol şəhərində (İtaliya Respublikası) NATO-nun Cənubi Avropadakı Silahlı Qüvvələrinin Birləşmiş Baş Komandanlığında “Kooperativ Key-98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı aprelin 13-də Bakıya rəsmi səfərə gələcəkdir.
Aprelin 9-da saat 13:15-dən 14:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonu sahəsindəki Orcenikidze yaşayış məntəqəsindən 2 km şimal-şərqdə yerləşən Qaraşəmiri və Başkənd aşırımındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Mutudərə kəndi sahəsindəki mövqelərini zenit qurğularından, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Aprelin 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ley İn Çeni və səfirliyin yenicə təyin edilmiş hərbi attaşesi baş polkovnik Şi Çjenbayı qəbul etmişdir.
Aprelin 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ-ın respublikaçı-senatoru Con Vornesi və ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri Baş Komandanı admiral Cozef Lopezi qəbul etmişdir.