Aprelin 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ley İn Çeni və səfirliyin yenicə təyin edilmiş hərbi attaşesi baş polkovnik Şi Çjenbayı qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri baş polkovnik Şi Çjenbayı yeni təyinatı ilə təbrik etmiş, Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq sahəsində yeni addımlar atıldığından şad olduğunu bildirmişdir.
Müdafiə naziri qonaqlara Azərbaycan Respublikasının tarixi, iqtisadiyyatı, mədəniyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında arayış vermişdir.
Hərbi attaşeni Azərbaycanın Müdafiə nazirinə təqdim edən səfir Ley İn Çen Azərbaycan xalqının üç üstün cəhətindən – zəngin təbii sərvətlərə, güclü intellektual potensiala və Prezident H.Əliyevin şəxsində müdrik rəhbərə malik olduğundan, iki dövlətin münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyindən bəhs etmişdir.
Cavab sözü ilə çıxış edən hərbi attaşe baş polkovnik Şi Çjenbay Çin Xalq Respublikasının fəal müdafiə strategiyası siyasəti yeritdiyini və onun əsas vəzifəsinin Azərbaycan və Çin ordusu arasında dostluq əlaqələri yaratmaq olduğunu söyləmişdir.
Ermənistan-Azərbaycan münaqişəsi həllinin indiki vəziyyəti ilə maraqlanan səfirə general-leytenant S.Əbiyev bildirmişdir ki, Azərbaycan bu münaqişənin həllində dönməz sülh siyasəti yeridir.