Aprelin 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev ABŞ-ın respublikaçı-senatoru Con Vornesi və ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri Baş Komandanı admiral Cozef Lopezi qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının ən çətin zamanda öz müstəqilliyini elan etdiyi, Ermənistan Respublikasının və onun havadarlarının ərazimizə təcavüzü şəraitində onu möhkəmləndirdiyi və Azərbaycan Silahlı Qüvvələrinin qısa bir müddətdə formalaşma dövrü keçdiyi haqqında qonaqlara məlumat vermişdir.
Sonra general-leytenant S.Əbiyev onları Azərbaycanda və Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun nəticələri ilə ətraflı tanış etmişdir. O, demişdir: “Azərbaycan bu regionda NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinə çıxış etməyən, ABŞ və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sıx və uzunmüddətli əməkdaşlığa can atan dövlətlərdəndir. Azərbaycanın Müdafiə Nazirliyi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən tərəflərdən biridir”.
Müdafiə naziri maraqla dinlənilən söhbətinin sonunda dövlətimizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində ardıcıl siyasət yeritdiyini bildirmiş və ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin tezliklə ləğv edilməsini arzulamışdır.
Səmimi qəbul və müfəssəl informasiyaya görə Müdafiə nazirinə öz minnətdarlığını bildirən respublikaçı-senator Con Vornes və admiral Cozef Lopez Azərbaycan Prezidentinin ötən ilin yayında ABŞ-a uğurlu səfəri, ABŞ-ın və NATO-nun Azərbaycanda, ümumən Qafqaz regionunda sülhə və sabitliyə nail olmaq niyyəti, ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədr dövlət kimi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması və 907-ci düzəlişin tezliklə ləğvinə tərəfdar olduğu barədə məlumat vermişlər.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri S.Eskudero və səfirliyin hərbi attaşesi D.Zarenski iştirak etmişlər.