Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir:
– zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir;
– ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir;
– gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir.
II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. Təlim və Tədris Mərkəzinin 500 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.
Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi Milli Müdafiə Universitetinin tabeliyinə verildi.