Naxçıvanın elə bir bölgəsi yoxdur ki, orada hərbə könül verən olmasın. Hərb peşəsi çətin olsa da, doğmalarından ayrı salsa da, bu peşənin öz aşiqləri, fatehləri var. Bu sevgi idi onları eyni amal, eyni məqsəd uğrunda birləşdirən. O torpaqlara bələd olmasalar da, erməni məkrinə, Azərbaycan torpaqları hesabına illərdir davam edən "böyük Ermənistan" yaratmaq xülyasına bələd idilər. Xocalı ürəyimizə saplanmış xəncər idi, 20 Yanvar faciə tariximiz...
Bu dəfə yolumuz Babək rayonunun Nehrəm qəsəbəsinədir. Nehrəm muxtar respublikanın iri yaşayış məntəqələrindəndir. Tarixən yetişdirdiyi ziyalıları, alimləri, həkimləri ilə tanınır. 44 günlük müharibə isə bu torpağın həm də necə bir vətənpərvər, igid övladlara sahib olduğunu göstərdi. Nehrəmlilər istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində öz şücaətlərini göstərmişlər. Bu gün kənd məzarlığında 13 şəhid uyuyur.
Müşkünaz ana ilə görüşürük. Bizi Elvinin şəkilləri və şəxsi əşyaları ilə bəzədilmiş otağı ilə tanış edir. Rəfə sıra ilə düzülmüş medallar diqqətimi cəlb edir: "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə".
Tale elə gətirib ki, Müşkünaz xanım iki oğul övladını təkbaşına böyütməli olub. Kiçik oğlu Elvin Teymurov hərbi xidmət dövründə nümunəvi xidməti ilə fərqlənib. Xidmətini başa vursa da, yenidən davam etdirmək arzusunda olub. Elə bu arzu ilə də formanı yenidən əyninə geyinib. Vətən çağıranda isə əlinə silah alıb döyüşlərə qatılıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı kimi döyüş yolu Füzulidən başlayıb.
"Elvinin hərbə marağı çox idi. Forması ilə həmişə qürurlanardı. Oktyabr ayı idi. Şiddətli döyüşlər gedirdi. Gəldi evə, hazırlaşdı, çıxandan sonra mənə zəng etdi, dedi ki, nigaran qalma, Bakıya gedirik. Bu gediş son gediş oldu".
Müşkünaz ana danışdıqca yaddaşı təzələnir, birlikdə keçirdikləri günləri xatırlayır, üzünə gah kədər, gah da təbəssüm qonur. Amma baxışları qürurludur. Min bir əziyyətlə böyütdüyü övladı ilə fəxr edir. "Elvin gözəl yaz günlərinin birində 1999-cu il mayın 20-də anadan olmuşdu. Çox istiqanlı, həssas qəlbli idi. Xalqımızın başına gətirilən faciələri, torpaq itkisini heç cürə qəbul edə bilmirdi. Həmişə deyirdi ki, ana, şəhidlərimizin ruhu o torpaqlar azad olanda dinclik tapacaq. Bax, o vaxt biz alnıaçıq, xoşbəxt gəzə biləcəyik. Bu hisslər idi oğluma döyüş meydanında ruh verən, şücaət göstərməsinə səbəb olan. Oktyabrın 22-si Hadrutda şəhid oldu. Çox sevdiyi müqəddəs bayrağımızla öz doğulduğu torpağına geri döndü. Özü hərbi təhsil ala bilməsə də, qardaşım oğlunu Heydər Əliyev adına Hərbi Liseyə yönləndirmişdi. İndi Nurlan Ələkbərov Heydər Əliyev adına Hərbi İnstitutun kursantıdır. Gələn il təhsilini bitirib xidmətinə başlayacaq. İnanıram ki, o da Elvin kimi bu Vətənə canla-başla xidmət edəcək".
Fotoalbomunu vərəqləyirik. Şəkillərinə baxdıqca düşünürük ki, Elvinin ruhu şaddır. Axı onun da döyüş yoldaşları kimi amalı torpaqlarımızı azad etmək idi. Rahat uyu şəhidim, qanınızın axdığı torpaqlarda güllər bitib, keçdiyiniz düzlərdə lalələr açıb, aşdığınız dağlar ala, yaşıla bürünüb. İndi Vətən bağı al-əlvandır, var içində Xarı bülbül!
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin
məsul katibi