Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2025 15:32

Türk ordusunda general-mayor rütbəsinə yüksələn ilk azərbaycanlı - Səməd bəy Rəfibəyli

Səməd bəy Rəfibəyli 1892-ci ildə Gəncə şəhərinin Balabağman məhəlləsində məşhur Rəfibəylilər nəslindən olan Məşədi bəyin ailəsində anadan olub. 1916-cı ildə Tiflis kadet korpusunu bitirən Səməd bəy hərbi xidmətə 7-ci Qafqaz sərhəd alayında başlayıb. 1917-ci ilin dekabrında Əlahiddə Müsəlman Korpusu yaradılıb. O, 1918-ci ilin yanvarında yeni yaranan bu korpusun 1-ci Bakı atıcı alayında bölük komandiri vəzifəsində xidmət edib.
Səməd bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Cümhuriyyət Ordusunda "poruçik" rütbəsində xidmətə başlayıb. 1918-ci il iyulun 2-də orduda əla xidmətinə görə "ştabs-kapitan" rütbəsinə layiq görülüb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun tərkibində özünü çox istedadlı və peşəkar hərbçi kimi göstərib. 1919-cu ilin iyununda "kapitan" rütbəsinə yüksəlib və 26 avqust tarixində yeni yaradılan Lənkəran ehtiyat taborunun komandiri təyin edilib. 1 dekabr 1919-cu ildə 7-ci Şirvan piyada alayının müvəqqəti komandanı təyin edilib.
O, Gəncədə Nuru Paşanın təqdimatı ilə Azərbaycan dəmiryolunun müvəqqəti komissarı təyin olunub. Hərb Nazirinin 25 yanvar 1920-ci il tarixli əmri ilə vaxtından əvvəl "podpolkovnik" hərbi rütbəsi verilməklə 1-ci Cavanşir piyada alayına komandan təyin olunub.
Hərb Nazirinin vəzifəsini icra edən general Əlağa Şıxlinskinin əmrindən: "Bunu elan edərkən şərəfli və dürüst xidmətinə görə podpolkovnik Rəfibəyliyə ən səmimi minnətdarlığımı bildirirəm. Əminəm ki, o, yeni yerdə indi layiqincə gördüyü etimada kifayət qədər layiq olduğunu sübut edəcək və tez bir zamanda Cavanşir alayını lazımi zirvəyə çatdıracaqdır".
Böyük təcrübəyə malik peşəkar hərbçi general öz ümidlərində yanılmır. Podpolkovnik S.Rəfibəylinin rəhbərliyi ilə Cavanşir piyada polku qısa müddətdə Milli Ordunun mükəmməl hərbi  vahidinə çevrilərək,  ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda  mübarizədə yaxından iştirak edir və döyüş əzmi ilə seçilir.
Səməd bəy Azərbaycan Milli Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandiri kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndidə və Əsgəranda milli hökumətə qarşı qiyam qaldıran erməni daşnakları ilə savaşlarda şəxsi qəhrəmanlıq göstərənlərdən biri olub. Azərbaycan hökuməti onun hünərini qiymətli hədiyyə ilə mükafatlandırıb.
Milli Ordunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun general Əlağa Şıxlinskiyə ünvanlandığı raportunda Səməd bəyin 4 günlük Keşişkənd əməliyyatında özünü yaxşı cəhətdən göstərdiyini bildirib.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həmin ilin mayında Gəncədə bolşeviklərə qarşı güclü üsyan başlayıb. Bu üsyanda Səməd bəy və onun qardaşı - Cümhuriyyət Ordusunun hərbi xadimi Əyyub bəy Rəfibəyli də iştirak ediblər. Onlar üsyanın təşkilatçıları kimi qeyri-bərabər döyüşlərdə bolşeviklərə ciddi zərbələr endirməyə nail olublar. Üsyan zamanı bolşeviklərin qarnizonu məhv edilib, lakin köməyə gələn əlavə qüvvələrin hesabına üsyan amansızlıqla yatırılıb və minlərlə dinc sakin qətlə yetirilib. Mübarizəni davam etdirməyin lüzumsuz olduğunu görən Rəfibəyli qardaşları rəhbərlik etdiyi silahlı qüvvələrlə birlikdə Türkiyəyə keçiblər (Qeyd: Səməd bəyin qardaşı Əyyub bəy Rəfibəyli də Azərbaycan Xalq Cümhuriyyətinin önəmli hərbi simalarından biri olub və "polkovnik" rütbəsinə qədər yüksəlib. O, 1920-ci ildə Şəki qəzasının rəisi olub. Aprel işğalından sonra o da qardaşı kimi bolşeviklərə qarşı üsyana qoşulub və bu müqavimət hərəkatının fəal iştirakçılarından olub. Türkiyəyə keçdikdən sonra 1941-ci ildə Kəşfiyyat İdarəsinin Qars filialının rəis müavini təyin edilib. Qardaş ölkədə Eyyub bəy Sayqın kimi tanınıb).
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar yatırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək oradan Türkiyəyə gediblər. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verib. Onun rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar.
Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunub. Səməd bəy 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.
Səməd bəy Rəfibəyli 1920-ci il iyulun 1-dən etibarən Şərq Cəbhəsində Türk ordusunun tərkibində yaradılan Azərbaycan süvari alayının komandir müavini kimi həqiqi hərbi xidmətə başlayıb. Bu vəzifədə 1921-ci ilin martına kimi xidmət edib. Qars, Sarıqamış və "İraq cəbhəsi" adlanan döyüş əməliyyatlarında iştirak edib və xüsusilə fərqlənib.
Mustafa Kamal Atatürk döyüşlər zamanı göstərdiyi cəsurluğa görə Səməd bəylə maraqlanıb və onunla tanış olduqdan sonra bir qədər heyrətlənərək deyib: "Bu cür gənc yaşda polkovnik olmaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir".
S.Rəfibəyli 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərq Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi olub. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayının komandir müavini, 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində xidmət edib. 1928-1930-cu illərdə hərbi məktəbdə təkmilləşdirmə kurslarında təhsil aldıqdan sonra 13-cü süvari alayında süvari bölük komandiri vəzifəsinə təyin edilib. Həmin alayda 1932-ci ilədək xidmət edib, sonra isə 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsinə təyin edilib və 1940-cı ilədək həmin vəzifədə xidmət edib.
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilən "Soyad" haqqında qanunundan sonra özünə "Əbdülsəməd bəy Sayqın" adını götürüb.
1940-cı ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin edilib. 1942-ci il avqustun 15-də isə 45-ci süvari alayının komandiri vəzifəsinə, 1948-ci il avqustun 28-də 2-ci süvari briqadasının komandiri vəzifəsinə təyin olunub. 1948-ci il avqustun 30-da süvari briqadasının komandiri olarkən öz hərbi istedadı, komandirlik qabiliyyəti və göstərdiyi xidmətlərə görə o, "Paşa" ("general-mayor") hərbi rütbəsinə layiq görülüb. Səməd bəy Rəfibəyli Türkiyədə "general" hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı olub. 1952-ci il avqustun 2-də Türk Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya Qrupuna üzv olur və həmin vəzifədən ehtiyata buraxılır.
Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə yüksəlib.
O, Türkiyə ordusundakı xidmətlərinə görə Türkiyənin birinci dərəcəli "İstiqlaliyyət" və "Hərb" medalları ilə təltif olunub. 1980-ci il yanvarın 19-da İstanbulda vəfat edib və orada dəfn olunub.

"Azərbaycan Ordusu"