Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2025 15:32

Tarix Azərbaycanı yaxşı tanıyır!

Müharibəni siyasətin silahlı davamı adlandırırlar. Müharibə ölümdürsə, əsirlikdirsə, dağıntılardırsa, xarabalıqlara çevrilməkdirsə, son nəfəsə kimi həsrət sıxıntısı yaşamaqdırsa, bu fikirlə kifayətlənmək mümkündürmü? Yox! Müharibənin nə olduğunu ərazisində ədalətsiz müharibənin döyüşləri olmuş dövlətlər bilir, xalq bilir. İkinci Dünya müharibəsində alman faşizmi dünyanı bu sıxıntılara urcah eləmişdi. Bu müharibənin qara əlləri SSRİ-nin də ərazilərinə çatmışdı. 1941-ci il iyunun 22-də faşizmin güllələri, mərmiləri Brest qalasının divarlarını didişdirmişdi. SSRİ üçün Böyük Vətən müharibəsi başlamışdı...
Onda Səməd Vurğun yazmışdı ki,
 
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!
 
"Mən" ifadəsi bir dövlət kimi Azərbaycanı ifadə edirdi; Azərbaycan müsəlləh respublika oldu...
"N" hərbi hissəsində Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş disput ərəfəsində əsgərlərə bu fikirləri də xatırlatmışdıq. Bu xatırlatma Böyük Vətən müharibəsi haqqında əsgər düşüncələrinin işığı olacaqdı...
Kapitan Teymur Süleymanov "Tarix Azərbaycanı yaxşı tanıyır!" kimi qürurlu bir disputun mahiyyətini xatırladaraq qeyd edir ki, bilgilər tarix, tarix bilgilər olduğu üçün dövlət olaraq Azərbaycanın, döyüşçü olaraq azərbaycanlıların iştirakından danışın. Dərsliklərdə də oxumusunuz, tarix kitablarında da... Dava ruhən müharibədən uzaq olan kəndlərdən də keçib. Bunlardan da danışın. Bilirsiniz ki, hadisələr, faktlar xatırlandıqca tarixləşir. Siz də bu tarixin iştirakçısı olun. Bugünkü disput azərbaycanlı əsgərin Vətənə sevgisinin qətiyyət, mərdlik, qəhrəmanlıq tarixi olsun. Bu and faşizmə qarşı Böyük Vətən müharibəsinin döyüşlərində azərbaycançılıq xarakterini ifadə edirdi, işğalçı Ermənistan ordusuna qarşı Vətən müharibəsi isə həm azərbaycançılıq, həm də Azərbaycanın dövlətçilik manifestinin dünyəviliyini...
Əsgərlərin baxışlarında bir tərpəniş, düşüncələrində bir heysiyyət duyulur. Tərpəniş də, heysiyyət də Azərbaycana, Azərbaycan Ordusuna ehtiramı ifadə edir.
Bakı Dövlət Universitetinin məzunu əsgər Ziyad Almazov deyir ki, müharibə başlayanda hərbi xidmətə çağırılanlarla yanaşı, minlərlə vətəndaş müharibəyə könüllü getmək üçün müraciət etmişdi”. Müharibənin ilk günündə bu qədər vətəndaşın müraciəti xalqın ruhunun mübarizlik göstəricisi kimi müharibəyə münasibətin başlanğıcı idi. Müharibənin gedişində çağırış yaşına çatan minlərlə gənc də döyüşlərə könüllü gedib. Atamdan eşitmişdim ki, bir ailədə ata və iki oğul eyni gündə döyüşlərə getmişdi. Hamımız orta məktəb şagirdi olanda Böyük Vətən müharibəsi haqqında da oxumuşduq, qəbul imtahanlarına hazırlaşanda da əlavə kitablardan çox şey öyrənmişdik. Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı haqqında bizim də məlumatlarımız var.

Biz də bilirik ki, müharibəyə Azərbaycandan 600 min nəfərdən çox döyüşçü yollanıb, onlardan 300 minə yaxını həlak olub, minlərlə döyüşçü itkin düşüb”.
- Naməlum əsgər kimi dəfn edilənlərin sırasında azərbaycanlı döyüşçülər də çox olub, - əsgər İsmayıl Əzizov belə deyir.
80 ildi Azərbaycan oğullarının qəhrəmanlıqları tarixin yaddaşındadı, onlar da heç zaman unudulmayacaqlar. Böyük Vətən müharibəsinin salnaməsi kimi müharibələr tarixini öyrənənlər Qafur Məmmədovun, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Mirdamət Seyidovun, Gəray Əsədovun, Məlik Məhərrəmovun, yüzlərlə başqa qəhrəmanın şücaətini, rəşadətini də həmişə xatırlayacaq, xatırladacaq. Bu xatırlatma da tarixə və bəşəriliyə ehtiram olacaq.
Azərbaycan Texniki Universitetinin məzunu İsmayıl Xəlilov Böyük Vətən müharibəsinin gerçəkliklərinin ekranda necə tarixləşdirilməsindən söz açır:
- "Tütək səsi" bədii filmi Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı haqqında təəssürat yaradır. İstər camaatın işləməsi, istərsə də döyüşən orduya yardımın yığılması xalqın böyüklüyünün təsdiqidir. Bu, bir əsərdə verilənlərdir. Minlərlə belə hadisə olub. Camaat geyinməyib, yeməyib, cəbhəyə göndərib. Atamdan eşitmişəm ki, minlərlə nişanlı qız nişan üzüyünü də döyüşən ordunun fonduna göndərib. Təki müharibə tez qurtarsın.
İsmayılın fikirlərini bir qədər duyğusal xatırlatma ilə əsgər Hakim Məmmədov davam etdirir:
- Analar, nənələr corab, əlcək toxuyub cəbhəyə, döyüşçülərə göndərirdilər. Məktublarda belə yazılırdı: "Elə bil öz anan göndərib, oğlum. Sevgi ilə göndərmişəm, cəsarətlə döyüşün, qələbəni tezləşdi-rin...". Babam deyərmiş ki, belə məktublar təkcə azərbaycanlılara deyil, digər millətlərdən olan döyüşçülərə də çatırmış. Onlar azərbaycanlı anaların ürəyinin böyüklüyünə heyrətlənirmiş.
Əsgərlərin sözlərinə qüvvət kimi poeziyamızda müharibənin bədii ifadəsi kimi qəbul edilən iki misranı xatırladıram:
 
Dava kəndimizdən uzaq olsa da,
Dava kəndimizin içindən keçib...
 
Böyük Vətən müharibəsində müharibənin istər fiziki, istərsə də mənəvi ağrıları kəndlərin də ürəyinə düşürdü. 13-14 yaşlı uşaqlar kolxozun işinə cəlb olunurdu, əkində-səpində, biçində iştirak edirdi. İsmayılın xatırlatdığı "Tütək səsi" filmində taxıl biçinini xatırlayaq. Ağsaqqallar da işləyirdilər, uşaqlar da...
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Elgün Xaspoladov yaddaşında qalan faktlarla müharibə illərində Azərbaycan sənayesinin müharibəyə necə səfərbər edildiyini xatırladır:
- Müharibə vaxtı arxa cəbhədə gecələr çox qısalmışdı, döyüşən orduya daha çox taxıl, daha çox ərzaq göndərmək üçün camaat gecə yarısına kimi çöllərdə işləyirdi. Azərbaycan xalqı müharibənin yükünü döyüşlərdə də çəkirdi, arxa cəbhədə də. Kənd təsərrüfatında olduğu kimi, sənayedə də istehsal müharibənin tələblərinə uyğunlaşdırılmışdı. Müharibə vaxtı Bakıda “Katyuşa” raketi, “Şpaqin” pulemyotu istehsal edilirdi, “YAK-3” qırıcı təyyarəsi yığılırdı. Müharibə illərində Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.
Kapitan Teymur Süleymanov əsgər Elgün Xaspoladovun sözünə qüvvət kimi deyir ki, Böyük Vətən müharibəsində Bakı döyüşən orduya bu hərbi sursatlarla, silahlarla, hissələrlə bərabər döyüş texnikaları üçün, döyüş və qırıcı təyyarələr üçün lazım olan neftin 70 faizini göndərirdi. Zabitin xatırlatdığı fakt yaddaşında qalan əsgərlərin də, yaddaşında qalmayan əsgərlərin də qürurunu kükrədir. Hamısının baxışlarında könlümüzə düşən işıq görünür.
Əsgər Ziyad Almazov əsgər yoldaşlarına xitabən deyir ki, qəbul imtahanlarına hazırlaşanda oxumuşdum, indi də yaddaşımda qalıb. Sovet İttifaqı marşalı Jukov Azərbaycan neftçilərinin müharibə vaxtı fədakarlığını xatırladaraq yazmışdı: "Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq və düşmənə tez qalib gəlmək üçün lazım olan qədər yanacaq verdilər". Kaş sərkərdənin ehtiramı mərkəzin ehtiramı olaydı: müharibə müddətində dövlətə 75 milyon ton neft verilmişdi. Azərbaycan müharibədə qələbə naminə böyük, çox böyük fədakarlıqlar göstərmişdi və bu qəhrəmanlıq idi. Bakıya qəhrəman şəhər adı verilməsə də, Bakı bütün çalarları ilə Böyük Vətən müharibəsinin ağır yükünü qəhrəmanlıqla çəkmişdi...
Əsgərlər Böyük Vətən müharibəsi haqqında maraqlı fikirlər deyirlər. Hər fikirdə qürur var, Azərbaycana sevgi var. Əsgər Roman Nağıyev Böyük Vətən müharibəsində Azərbaycandan olan 130 nəfər hərbi qulluqçunun Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirir. Əsgər İsmayıl Xəlilov qürurla deyir ki, general-mayor Həzi Aslanov bu ada iki dəfə layiq görülüb.
Əsgər Ziyad Almazov Hüseynbala Əliyevin qəhrəmanlığını xatırlayır: Leninqradın müdafiəsində düşmənin dörd təyyarəsini vurmuşdu, yaralansa da, təyyarəni xilas edib endirə bilmişdi.
Əsgər İsmayıl Xəlilovun tarixi xatırlatması tarixi qürur yaradır:
- Rumıniyada ağır döyüşlərin birində Gəray Əsədova mühüm döyüş əmri verilmişdi: düşmənin atəş nöqtələrini dağıtmaq. Gəray əmri yerinə yetirmişdi, düşmənin bir neçə atəş nöqtəsini susdurmuşdu. Döyüşü atəş nöqtələrinin yanyörəsində döyüşənlər davam etdirirdi. Gərayın qumbarası qalmamışdı, gülləsi tükənmişdi. Nəfəs dərmişdi və ... yaxınlaşıb köksü ilə düşmənin dəzgahlı pulemyotunu qapamışdı, susdurmuşdu. Döyüş düşmənin mövqe məğlubiyyəti ilə nəticələnmişdi. Bu qəhrəmanlıq təkcə Gərayın adına ad olmamışdı, həm də Azərbaycanın adına şöhrət gətirmişdi...
Kapitan Teymur Süleymanov hamımızın qürurunun işığına dönən bir faktı xatırladır: 1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant Məcidovun rəhbərliyi ilə Brandenburq qapısının üzərində qələbə bayrağı qaldırıblar.
"Mayın 9-na bir həftə qalırdı...", - deyirəm. Əsgərlərin Böyük Vətən müharibəsində iştirak etmiş həmyerlilərimizin hamısı ilə, bu məqamda bir zabit və iki döyüşçü ilə qürurlanması nə qədər gözəldir, nə qədər!
Əsgər Elgün Xaspoladov Böyük Vətən müharibəsində - İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakını da xatırladır. Mehdi Hüseynzadə - Mixaylo haqqında hamısı nəsə demək istəyir. Əfsanə haqqında həqiqətlər danışmaq istəyən, əsgərlərin Mixayloya sevgisini Vətənə sevgi kimi bağrıma basmaq istəyirəm. Əsgərlər Mixaylonun qəhrəmanlıqlarından danışırlar, bu gerçək qəhrəmanlıqların əfsanələşməsinin də sevgiyə söykəndiyini xatırladırlar. Əsgər Ziyad Almazov deyir ki, tarix müəllimimiz bizə bir yaddaş yazdırmışdı: "Yuqoslaviyada tapılan sənədlərdən birində yazılıb: "Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunlar əsasən zabitlər idi. Faşistlər necə olursa-olsun, onun başını əldə etmək istəyirdilər".
Böyük Vətən müharibəsində qazanılan qələbənin 80 illiyi ərəfəsində hərbi hissədə keçirilən "Tarix Azərbaycanı yaxşı tanıyır!" disputunda Azərbaycan əsgərinin müharibələr tarixinə, Azərbaycanın bu müharibədə iştirakına, azərbaycanlıların istər döyüşlərdə, istərsə də arxa cəbhədə fəaliyyətinə bələdliyi bizə könül xoşluğu verir. Disput "Azərbaycan əsgəri Vətən müharibəsində daha rəşadətlə, daha qətiyyətlə, daha böyük əzmlə, qələbə ruhu ilə döyüşdü" kəlmələri ilə tamamlanır...
Tarix Azərbaycanı onda da yaxşı tanımışdı, indi də yaxşı tanıyır!..
 
Rəşid HÜSEYNOV 

"Azərbaycan Ordusu"