Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2025 15:29

Xalqımızın igid oğullarının qəhrəmanlıqları əbədiyyət dastanıdır

SSRİ xalqlarının nümayəndələrinin alman faşizminə qarşı Böyük Vətən müharibəsinin bütün cəbhələrində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bəşəriyyəti valeh etmiş, işğalçılara qarşı mübarizə tarixin səhifələrinə qürurla yazılmışdır. Azərbaycan xalqının igid oğulları döyüşlərdə qəhrəmanlıq nümunələri nümayiş etdirərək, faşizm əsarəti təhlükəsinin qarşısının uğurla alınmasında şücaət göstəriblər. Böyük qələbədə əməyi olan Azərbaycanın oğul və qızlarının xidməti yüksək qiymətləndirilib. Neçə-neçə gənclərimiz "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb. Hitler Almaniyası üzərindəki tarixi qələbədən 80 il keçməsinə baxmayaraq, xalqımızın rəşadət göstərən qəhrəmanlarının adları bu gün də dərin ehtiram hissi ilə yad edilir, xatirələri əziz tutulur.

"Azərbaycan Ordusu"


İsrafil Məhərrəm oğlu Məmmədov


Tarixin səhifələrində elə adlar var ki, zaman onları unutmağa cəhd etsə də, xalqın yaddaşı buna imkan verməz. Onlar qorxu bilmədən döyüşə atılan, Vətənin şərəfi və torpağın müqəddəsliyi uğrunda canını fəda edənlərdir. Bu adlardan biri də adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş ilk azərbaycanlı - İsrafil Məmmədovdur. Onun igidliyi, döyüş meydanında göstərdiyi rəşadət təkcə bir şəxsin deyil, bütün bir xalqın qəhrəmanlıq obrazına çevrilib.
İsrafil Məmmədov 30 mart 1919-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Qapanlı kəndində dünyaya gəlmişdi. Zəhmətkeş kəndli ailəsində böyüyən İsrafil gənc yaşlarından çalışqanlığı, məsuliyyət hissi və Vətənə bağlılığı ilə seçilirdi. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə ordu sıralarına çağırılan İsrafil Məmmədov Böyük Vətən müharibəsinin başlanmasını hərbi xidmətdə olarkən qarşılamışdı. 1941-ci ilin iyulunda ona baş çavuş rütbəsi verilib. Əvvəlcə o taqım komandiri kimi xidmət edib, sonradan isə bölük komandirinin köməkçisi təyin olunub.
2 dekabr 1941-ci ildə ona “kiçik leytenant” rütbəsi verilir. 3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında, İlmen gölü ətrafında əhəmiyyətli yüksəkliyin alman ordusunun taboruna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdi. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əsgər və 3 zabiti məhv etdiyi bildirilir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə komandanlığın verdiyi döyüş tapşırığının nümunəvi icrasına və alman işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadət və qəhrəmanlığa görə İsrafil Məmmədova “Lenin” ordeni, "Qızıl Ulduz" medalı və “Sovet İttifaqı Qəhrəmanı” adı verilir. 15 dekabrda isə orden və medal ona elə döyüş meydanında təqdim olunur. Bununla da o “Sovet İttifaqı Qəhrəmanı” adı alan ilk azərbaycanlı olur.
1943-cü ildən İsrafil Məmmədov döyüşlərdə aldığı yaralar səbəbi ilə ordudan tərxis olunaraq ehtiyata buraxılıb. Ömrünün qalan hissəsini Gəncə şəhərində yaşayıb. Azərbaycan komsomol gənclər təşkilatının mərkəzi komitəsində çalışan İsrafil Məmmədov 1 may 1946-cı ildə Yaltada müalicə olunduğu hərbi hospitalda vəfat edib. Onun cənazəsi xüsusi təyyarə ilə Azərbaycana gətirilib və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün o vaxt "Lenin" parkı adlanan indiki Xan bağında torpağa tapşırılıb. Qəhrəmanın büstü də elə burada ucaldılıb. İsrafil Məmmədovun ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat, onun döyüş yolunu və həyatını əks etdirən 161 ədəd fotoşəkil, müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi  əşyaları sərgilənir. Hazırda qəhrəmanın doğulduğu Şəmkir rayonunun Qapanlı kəndində büstü ucaldılmışdır. Qapanlı kənd tam orta məktəbi də İsrafil Məmmədovun adını daşıyır.
Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İsrafil Məmmədovla bağlı "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alıb. 1942-ci ildə isə Bakıda ədibin "İsrafil" adlı kitabı çap olunub.
Hər xalqın tarixində zirvəyə çevrilən, öz xalqının yoluna işıq salan ömürlər olur. İsrafil Məmmədov da bu ömürlərdən biridir. Onun göstərdiyi igidlik təkcə bir döyüşün nəticəsi deyil, xalqın iradəsinin və vətənpərvərliyinin canlı təcəssümüdür. İsrafilin adı yaşadıqca, Azərbaycan xalqının igidlik salnaməsi də yaşayacaq. O, zamanın içindən boylanan bir qəhrəman, tarixin öz sətirlərində vəsf etdiyi bir igid övlad kimi daim qəlblərdə yaşayacaq.


Ağaşirin Ağaməmməd oğlu Cəfərov


Böyük Vətən müharibəsi - 1941-ci il iyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə başlayan və 1945-ci il mayın 9-da Sovet Ordusunun Berlinə daxil olaraq alman faşizmi üzərində qələbə qazanması ilə başa çatan qanlı və qəhrəmanlıqla dolu müharibədir. Bu müharibə yalnız bir dövlətin deyil, bütöv bir xalqın taleyinə təsir edən, tarixdə silinməz izlər buraxan bir savaş olmuşdur.
Müharibə illərində Azərbaycanın rolu misilsiz olmuşdur. Bakı nefti müharibənin taleyini həll edən əsas amillərdən birinə çevrildi. Azərbaycanın zəhmətkeş insanları cəbhəyə 75 milyon ton neft, 80 faiz aviasiya benzini və minlərlə ton sursat göndərdi. Bundan əlavə, 600 mindən artıq azərbaycanlı müharibəyə yollanmış, onlardan çoxu həlak olmuşdu. Onlarla azərbaycanlı döyüşçü “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü. Qafqaz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərləri öz qəhrəmanlıqları ilə seçilmişlər.
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazılmışdır. O, Böyük Vətən müharibəsində göstərdiyi igidlik və fədakarlıqla təkcə doğma yurdunun deyil, bütün Sovet İttifaqının fəxrinə çevrilmişdi. Onun həyat yolu, döyüş meydanlarındakı əzmi və vətənpərvərliyi gələcək nəsillər üçün örnəkdir.
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərov 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdu.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdi. Böyük Vətən müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdı. Döyüşlərdə üç dəfə yaralanmışdı.
Pulemyotçu kiçik çavuş Ağaşirin Cəfərov Qızıl Ordu sıralarında xüsusi şücaət göstərən döyüşçülərdən biri olmuşdu. O, əsasən Cənub və Qərb cəbhələrində döyüşmüş, çoxsaylı əməliyyatlarda iştirak etmişdi. 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdı. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nöqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdi. Taqanroq şəhəri uğrunda gedən döyüşlərdə xüsusi igidliyinə görə 1 noyabr 1943-cü ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.
Bu döyüşdə Cəfərov düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yararaq bölməsinin irəliləməsinə şərait yaratmış, şəxsi igidliyi ilə əsgərlərə ruh yüksəkliyi vermişdi. Onun komandanlıq etdiyi dəstə onlarla düşmən əsgərini zərərsizləşdirmiş, bir neçə mühüm strateji nöqtəni ələ keçirmişdi. Yaralanmasına baxmayaraq, o, geri çəkilməmiş, döyüşü sona qədər davam etdirmişdi.
O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.
Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdi.
3 may 1984-cü ildə vəfat etmişdi. Məzarı Neftçala şəhərindəki İsmilli qəbiristanlığındadır.
Neftçala rayonu Astanlı kənd tam orta məktəbi Ağaşirin Cəfərovun adını daşıyır. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.
İkinci Dünya müharibəsində əldə olunan qələbə yalnız bir hərbi uğur deyil, eyni zamanda, azadlıq və ədalət naminə verilmiş milyonlarla canın, çəkilən əzabların, göstərilən qəhrəmanlıqların bəhrəsi idi. Ağaşirin Cəfərovun timsalında bir daha şahid oluruq: Vətəni sevən, ona xidmət edən hər kəs tarixdə öz layiqli yerini alır.


Qafur Nəsir oğlu Məmmədov



Tarix boyu bəzi insanlar həyatı, göstərdikləri igidlik və fədakarlıq sayəsində unudulmaz olurlar. Onlar çox yaşamaya bilərlər, lakin yaşadıqları illər ərzində elə iz qoyurlar ki, adları uzun illər boyu hörmətlə xatırlanır. Qafur Məmmədov da belə insanlardan biridir. Cəmi 20 il yaşamasına baxmayaraq, onun göstərdiyi şücaət və Vətənə olan sarsılmaz bağlılığı bu gün də böyük ehtiramla anılır.
O, müharibənin ən ağır günlərində sıravi bir matros kimi xidmət etmiş, lakin davranışı və qərarları ilə bir əsgərin də qəhrəman ola biləcəyini sübut etmişdi. Onun həyatı təsadüfi və ya təbliğat xatirinə uydurulmuş bir əfsanə deyil, sənədlərlə və şahid ifadələri ilə təsdiqlənmiş real qəhrəmanlıq nümunəsidir. Qafur Məmmədovun qısa, lakin mənalı ömrü Azərbaycan xalqının igidlik tarixində xüsusi yer tutur.
Qafur Nəsir oğlu Məmmədov 5 mart 1922-ci ildə Bakı şəhərində, zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk təhsilini başa vurduqdan sonra, 26 Bakı Komissarları adına mətbəədə hərf yığıcısı kimi çalışıb. 1941-ci ilin iyununda, faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə başlayan Böyük Vətən müharibəsi zamanı ordu sıralarına çağırılıb və Zaqafqaziya cəbhəsində 56-cı ordunun tərkibindəki 323-cü dəniz piyada taborunda rabitəçi vəzifəsində xidmətə başlayıb.
1942-ci ilin oktyabrında Tuapse şəhəri yaxınlığında baş verən ağır döyüşlərdə Qafur Məmmədov misilsiz igidlik nümayiş etdirib. 19 oktyabrda düşmən hücumlarını dəf edərkən, o, şəxsən 13 alman əsgərini və bir minomyot heyətini məhv edib. Ən təsirli an isə komandirini düşmən atəşindən qorumaq üçün öz bədənini sipər etməsi olub. Bu fədakarlıq nəticəsində özü həlak olsa da, komandirinin həyatını xilas edib.
Qafur Məmmədovun bu misilsiz qəhrəmanlığı sovet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 31 mart 1943-cü ildə, ölümündən sonra ona “Sovet İttifaqı Qəhrəmanı” adı və “Lenin” ordeni verilib. Bu, onun Vətənə olan sonsuz sevgisinin və fədakarlığının rəsmi təsdiqi idi.
Qafur Məmmədovun adı bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Bakıda onun adını daşıyan küçə, park vardır. 2011-ci ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafur Məmmədov adına olan park yenidən qurulub və burada qəhrəmanın abidəsi ucaldılıb.
Qafur Məmmədovun həyatı və qəhrəmanlığı Vətənə olan sevginin, fədakarlığın və igidliyin ən ali nümunəsidir. Onun göstərdiyi şücaət gələcək nəsillər üçün örnək və ilham mənbəyidir. Bu gün biz onun xatirəsini yad edərkən, yalnız bir qəhrəmanı deyil, bir xalqın qürurunu, Vətən sevgisini və azadlıq uğrunda mübarizəsini anırıq. Qafur Məmmədovun adı da digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindən daim xatırlanır və uca tutulur.


Mirzə Ağamurad oğlu Cəbiyev


1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 1938-ci ildə 7 illik məktəbdə təhsilini başa vurduqdan sonra öz kəndlərindəki kolxozda işləməyə başlayıb. Müharibə başlayanda Mirzə hələ 16 yaşına çatmamışdı. 1943-cü ilin fevralında ordu sıralarına çağırılan Mirzə Cəbiyev əvvəlcə Orconikidze şəhərində xidmətə başlayıb. Daha sonra Penzada yerləşən diviziyada xidmət edən əsgər Cəbiyev ilk döyüşünə 1944-cü ildə Belarus cəbhəsində girir və bu döyüşdə ağır yaralanmış tabor komandirini qəhrəmancasına döyüş meydanından çıxartdığına görə yuxarı komandanlıq tərəfindən təltif olunub. Döyüşlərdə göstərdiyi misilsiz şücaətinə görə komandirlik kursuna göndərilən Mirzə Cəbiyəv buranı müvəffəqiyyətlə başa vurduqdan sonra taqım (vzvod) komandiri vəzifəsinə təyin olunub.  Rəhbərlik etdiyi bölmə ilə Belarus, Litva, Latviya, Polşa istiqamətində döyüşlərdə iştirak edib, torpaqların işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərib.
1945-ci ilin əvvəllərində 3-cü Belarus cəbhəsində faşist qüvvələrinə qarşı hücuma başlayan Sovet Ordusunun şəxsi heyətinin bir qisminə rəhbərlik etmiş leytenant Mirzə Cəbiyev düzgün strategiya ilə Köniqsberqin (indiki Kalininqrad) işğaldan azad olunmasında fəal iştirak edib. Tikanlı məftil, tank əleyhinə maneələr və bir çox istehkam qurğularının qurulduğu ərazidə leytenant Cəbiyevin xidmət etdiyi alayın qarşısına qoyulan əsas tapşırıq qala üzərinə bayrağın sancılması idi. Yaralanmasına baxmayaraq, misilsiz rəşadət nümayiş etdirərək xüsusi taktika ilə düşmən qüvvələrinə sarsıdıcı zərbə endirməyi bacardı. Şəhərin daxilində də şiddətli döyüşlər gedir, sovet qüvvələri düşmən üzərində qələbə çalacağı günə daha da yaxınlaşırdı. Qalada gizlənən düşmən çıxış yolunu təslim olmaqda gördükdən sonra, qala da işğaldan azad olundu. Düşmən məğlubiyyətə uğradıldıqdan sonra Mirzə Cəbiyev qalaya qələbə bayrağını sancmağa nail olmuşdu. Rəşadətinə görə "Qırmızı Bayraq" ordeni ilə təltif olunan Mirzə Cəbiyev həmin ilin aprelində "Sovet İttifaqı Qəhrəmanı" adına da layiq görüldü.
Müharibə başa çatdıqdan sonra "kapitan" rütbəsi ilə ordu sıralarından tərxis olunan Mirzə Cəbiyev Astara rayonuna qayıtmış, burada kolxozun sədri və kəndin yuxarı orqanlarında çalışmışdı. Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev 1978-ci ilin fevralında vəfat etmişdi.
Qəhrəmanın adı doğulduğu Hamoşam kəndində və Astara rayonunda əbədiləşdirilmiş, büstü ucaldılmış və adına muzey yaradılmışdı. Kalininqrad şəhərində onun adı "Köniqsberq hücumu"nun qəhrəmanları sırasında qeyd olunmuşdu.