2025-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları həyata keçirildi. Yaxın və uzaq mənzilli artilleriya qurğularından gecə və məhdudgörmə şəraitində atış sınaqları yerinə yetirildi.
Zabit Rauf Şirinov bildirdi ki, bütün sahələrdə olduğu kimi, artilleriya qoşunlarında da yeniliklər, yeni silahlar və onlardan istifadə qaydaları tətbiq edilir. Yay-qış tədris dövrlərində mərhələli şəkildə artilleriya bölmələri çöl təlimlərinə cəlb olunur. Onlar tədris zamanı mənimsədikləri bilik və bacarıqlardan istifadə edərək döyüş atışlarını yerinə yetirməklə nəyə qadir olduqlarını praktiki cəhətdən təsdiq edirlər.
Təlim mərkəzlərində tez-tez döyüş atışlı təlimlərin keçirilməsi təbiidir. Atıcı silahlardan da istifadə etməklə bütün növ silahlardan praktiki atışlar həyata keçirilir. Bu günlərdə artilleriya bölmələri praktiki döyüş atışlı təlimə cəlb olundu. Onlar yaxın və uzaq məsafədə yerləşən şərti düşməni məhv etmək barədə tapşırıqları yerinə yetirdilər. Təlim birliyin nəzdindəki artilleriya bölmələrində baş tutdu. Zabit Rauf Şirinovun sözlərinə görə təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimə cəlb olunan artilleriya silahlarından keçirilən sınaq atışlarını şəxsi heyət uğurla yerinə yetirib.
Təlim rəhbəri zabit İbrahim İbrahimov artilleriya bölmələri haqqında dedi:
- Şəxsi heyətin hər biri həm dərslərdə, həm də praktiki məşğələlərdə öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirir. Əvvəllər də keçirilən təlim atışları zamanı yüksək göstəricilər əldə ediblər.
Təlim rəhbəri onu da qeyd etdi ki, məhdudgörmə, yəni, gecə və dumanlı hava şəraitində tapşırıqlar icra olunarkən hədəfləri aşkar edib onların koordinatlarını dəqiq müəyyən etmək üçün müxtəlif qurğuların köməyindən istifadə olunur. Əsgərlər bu cihazlardan, bacarıqla istifadə edərək verilən tapşırıqların öhdəsindən uğurla gələ bilirlər.
Hər bir silahın özünəməxsus təyinatı var. Yaxın və uzaq məsafələrdə düşmənin canlı qüvvəsini, ehtiyat anbarlarını, döyüş texnikalarını və başqa mühüm obyektlərini məhv etmək artilleriyaçıların qarşısında duran başlıca vəzifədir. Yaxın məsafədə yerləşən və hücum edən düşməni məhv etmək üçün minaatanlar daha təsirlidir. Dağlıq, düzən və meşə ərazilərdə düşmənə sarsıdıcı zərbələr vurmaqla onun hücumunun qarşısını ala bilir. Ən çıxılmaz halda isə düşmən itkilərə düçar olur və planlaşdırdığı hücum istədiyi nəticəni vermir.
Zabit İbrahim İbrahimov onu da bildirdi ki, istənilən hava şəraitindən asılı olmayaraq, düşmənin atəş mövqeyi dəqiq təyin edilir, hədəfə olan məsafə çıxarılır və qərargaha ötürülür. “Atəşin icrası üçün müvafiq qərarın qəbul olunması üçün mövqelərdə yerləşən heyət komandirlərinə göstəriş verilir. O da öz növbəsində tuşlayıcıya komandanı ötürür. Topu və ya minaatanı dolduraraq hədəfə doğru istiqamətləndirirlər. Hazır olanda isə heyət komandirinə "Hazırdır!" - deyə məlumat verilir. Növbəti "Atəş!" komandası verildikdən sonra atəş açılır”.
İkinci Qarabağ müharibəsində artilleriya bölmələri üzərinə düşən bütün tapşırıqları uğurla yerinə yetiriblər. Onların hər zaman keçirilən məşğələlərə, taktiki təlimlərə və döyüş atışlarına ciddi yanaşdıqları məlumdur. Bu gün də artilleriyaçılar ənənəyə sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlıqlarını artırmaqda davam edirlər. Relyefindən və hava şəraitindən asılı olmayaraq döyüşçülərimiz daim yeniliklərin axtarışındadırlar. Hücum edəcək düşməni qabaqlamaq üçün bütün önləyici tədbirləri tətbiq etməklə onun niyyətinin qarşısını almağa çalışırlar.
Həm yaxın, həm də uzaq mənzilli artilleriya silahlarının tətbiqini müəyyən edənlər peşəkar hərbçilərdir. Onlar əvvəlcə hansı silahın hansı atəş mövqeyində yerləşdirildiyini, həmçinin onun təsir gücünün nəyə qadir olduğunu müəyyən edirlər. Döyüş atışlarının uğurlu alınmasından ötrü, söz yox ki, bu cür təhlillərin əvəzsiz faydası var. Özüyeriyən artilleriya silahlarının da döyüş atışları bir qədər fərqli olur. Onlar atəş mövqelərini tez dəyişmək gücünə malik olmaqla yanaşı, atışı da tezləşdirirlər. Bu kimi üstünlükləri olan silahlara ordumuzda daha çox önəm verilir.
Təlimə cəlb olunan minaatan heyətinin fəaliyyəti ilə tanış olmaq da maraq doğuran haldır. Çavuş Samir Məmmədov dedi ki, nəzəri və praktiki dərslərdə qazandığımız bilik və bacarıqlarımız təlimlərdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyimizə zəmin yaradır. “Həyəcan siqnalı ilə qalxma, daimi məskunlaşdığımız ərazidən təlim mərkəzinə gəlmə, burada cəmləşmə, atəş mövqeyini seçmə və sonrakı fəaliyyətlərin hamısını uğurla yerinə yetirdik. Şəxsi heyətin hər biri yüksək bacarıq nümayiş etdirdi.
Heyət üzvlərindən əsgərlər Ceyhun İskəndərli, Samir Səfərov, Səid Şahverdiyev, İsmayıl Gözəlov və başqaları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əsgər Ceyhun İskəndərli ilk gündən də qarşıya məqsəd qoyub ki, nümunəvi xidmət etsin. Artilleriya bölməsində tuşlayıcı olmaqdan qürur duyur. O dedi ki, ilk gündən minaatan bölməsində xidmətə başlayıb. Komandirlərdən minaatanın sirlərini öyrənib. Çalışır ki, bundan sonra da bütün incəliklərinə yiyələnsin. Sıralara yeni qoşulan silahdaşlarını da öyrətməyə çalışır. İstəyir ki, minaatan heyətinin üzvü kimi gənc əsgərlər də vəzifələri mükəmməl bilsinlər. Belə olarsa, onlar döyüş tapşırığını mükəmməl yerinə yetirəcəklər.
Əsgər Samir Səfərov da heyət üzvüdür. O da nümunəvi xidmət edən bacarıqlı əsgərlərdəndir. Daşınan artilleriya qurğusunun heyət üzvü olmaqla xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir.
“Çöl təlimində əvvəl də olmuşam. Bu cür təlimlər bizi daha da mətinləşdirir. Həm fiziki baxımdan, həm də dözümlülük baxımından əsl döyüşçü kimi formalaşdırır, eləcə də təcrübəmiz daha da artır. Söhbət əsnasında əsgər yoldaşlarıma da deyirəm ki, nə qədər bu cür çöl təlimlərində olsaq, fərdi hazırlığımız bir o qədər yüksək olar. Biz burada olanda təhkim edilmiş silahımız haqqında bilik və bacarıqları tez və yaxşı mənimsəyirik. Bu da döyüş qabiliyyətimizin daha da artmasına gətirib çıxarır”, - əsgər dedi.
Zabit İbrahim İbrahimovun sözlərinə görə təlimə cəlb olunan hər bir hərbi qulluqçu üzərinə düşən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə çalışır. Onların çalışqanlığı nəticəsində döyüş atışlı təlimdə istədiyimiz nəticəni əldə edə bilirik. Əsgərlərin bu səviyyəyə gəlib çatmasında onun fərdi hazırlığı, təlim məşğələləri, praktiki çalışmalar kimi fəaliyyətlər mühüm yer tutur. Çöl təliminə cəlb olunan şəxsi heyət lazım olan təminatlarla da təmin olunub. Bu kimi təminatlar təlimin uğurlu keçməsi üçün mütləqdir.
Quru qoşunlarının artilleriya bölmələrinin növbəti döyüş atışlı təlimi yüksək səviyyədə həyata keçirilərək başa çatdı. Artilleriyaçılar bununla döyüş hazırlıqlarını yüksəltməklə ordumuzun qüdrətinin daha da artmasına xidmət etmiş oldular.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"